Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ukraynalı həmkarı Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlar aparmaq üçün günorta saatlarında Lvova gəlib.
SİTAT.İNFO xəbər verir ki, bu, Ərdoğanın müharibə başlayandan bəri Ukraynaya ilk səfəridir. Türkiyə prezidenti bu gün Zelenskinin dəvəti ilə Lvova gəlib.
Polşanın Rzeşov Beynəlxalq Hava Limanından Ukraynaya gedərkən Ərdoğan, Polşa vilayətinin qubernatoru Radoslav Viatra və Türkiyənin Varşavadakı səfiri Cengiz-Kamil Firatla görüşüb, daha sonra quru yolu ilə Lvova gedib.
Ukraynada müharibəyə son qoymağın yolları ilə bağlı məlum mövzudan başqa, Ərdoğan ukraynalı həmkarı Zelenski ilə birlikdə Türkiyə-Ukrayna münasibətlərini strateji tərəfdaşlıq səviyyəsində qiymətləndirəcək.
Ərdoğanı Ukrayna səfərində xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz, müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kırışçı, ticarət naziri Mehmet Muş, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan müşayiət edir. Müdafiə sənayesi rəhbəri İsmayıl Dəmir və Baykar CEO-su Haluk Bayraktar da səfərdə iştirak edir.
Türkiyə prezidentinin səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüş nəzərdə tutulub. İclasda Ukrayna-Rusiya müharibəsinə diplomatiya yolu ilə son qoymaq üçün atılacaq addımlar müzakirə olunacaq.
Nigar,
SİTAT.İNFO