Diplomatlar Gəncəsər monastırını ziyarət etdilər 

Diplomatlar Gəncəsər monastırını ziyarət etdilər 
SİYASƏT 12 Sentyabr 2026 13:06

Diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.

Sitat.info xəbər verir ki, əvvəlcə nümayəndələr Ağdərə rayonunda yerləşən Gəncəsər monastırını ziyarət ediblər. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva diplomatlara tarixi-memarlıq abidəsi, onun mədəni irsi və ərazidə görülən bərpa-quruculuq işləri barədə məlumat verib.

Qeyd olunub ki, elmi ədəbiyyatda Xəznədağ məbədi adı ilə tanınan bu kompleksin əsas tikililəri XIII əsrdə inşa edilib. Monastırın yerləşdiyi Xaçınçay sahilindəki təpə hələ xristianlıqdan öncə müqəddəs yer sayılıb. Gəncəsər monastırı Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olub.

Gəncəsər monastır kompleksi kilsə, xüsusi giriş salonu və yardımçı binalardan ibarətdir. Kompleks cənub və qərb tərəflərində iki qapısı olan qala divarları ilə əhatə olunub. Şimal və cənub divarlarına hücrələr və yardımçı binaların otaqları birləşir. Kompleksin cənub qapısına yaxın olan kilsənin əsasını 1216-1238-ci illər arasında Alban knyazı Həsən Cəlal qoyub. Bu dəyərli abidənin inşaat və memarlıq həllində Səlcuqlar və xüsusilə Elxanilər mühitinin böyük təsiri olub. Onun əzəmətli həcm-məkan quruluşu, zəngin və incə bədii tərtibatı, eləcə də son dərəcə keyfiyyətli inşaatı kiçik bir knyazlığın deyil, qüdrətli Elxanilər dövlətinin iqtisadi gücündən soraq verir.

Sonra diplomatik korpusun nümayəndələri Gəncəsər Monastır Kompleksinə baxış keçiriblər.