Azərbaycanla sərhədin delimitasiyasından danışdı 

Azərbaycanla sərhədin delimitasiyasından danışdı 
SİYASƏT 30 Oktyabr 2026 14:44

Azərbaycan və Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin sürətləndirilməsi barədə razılığa gəlib. 

Sitat.info xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə keçirilən Azərbaycan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

“Sizə məlumdur ki, son illər sərhədin delimitasiyası və demarkasiyası baxımından irəliləyiş olmayıb. Biz sürətli irəliləyiş əldə etmək istəyirik. Bununla bağlı Azərbaycan tərəfinə müraciət və çağırış etdik. Buna çox dostcasına bir cavab aldıq. Nəticə etibarilə, sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı proseslərin sürətləndirilməsi ilə bağlı razılığa gəldik”, - o bildirib.

Kobaxidze Azərbaycanla dövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesində əsas müzakirə mövzusunun iki ölkənin sərhədində yerləşən David Qareci kompleksi olduğunu qeyd edib.