"Müharibədən qalib kimi gəlib, hansısa tərbiyəsizin bir sözünə görə həyatına qəsd edir" - Hərbi ekspert SƏRT DANIŞDI

17:40 18 Avqust 2022

İntihar halları yalnız hərbi qulluqçular və ya hərbi xidmətdən ehtiyata buraxılan müharibə iştirakçıları arasında baş vermir. Bu hadisələri mən kifayət qədər uzun müddət araşdırmağa çalışmışam. Bunların kökünü, mahiyyətini anlamağa çalışmışam. Bu hadisələrin böyük əksəriyyəti, adətən, ailə-məişət zəminində yaranmış problemlər üzündən baş verir".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. 

Onun sözlərinə görə, araşdıranda məlum olur ki, bunun səbəbləri çox vaxt iradə zəifliyi, şəxsin keçirdiyi psixoloji sarsıntılara tab gətirməməsi, dərdini kimləsə bölüşə bilməməsi, kimsədən məsləhət, təsəlli almaq istəməməsidir: "İstənilən əlil və veteran, yaralanıb əlil olmayan, hər hansı bir zabitin, gizirin istənilən hərbçinin problemi ilə bağlı hardasa nıaı eşitdiyimdə dərhal nömrəmi açıq olaraq internetdə yazıb qoyuram. Bu şəxslər, problemi olanlar zəng etsinlər deyə. Mən onları daim, 24 saat dinləməyə hazıram. Əlaqə nömrəm 070 241 45 69-dir. Tək problem onda olur ki, mən çəkilişdə və ya efirdə olduqda telefon qapalı olur. Onda da mənə gələn zəngləri verlişdən çıxan kimi dərhal geri yığıram. Bunun üçün düşünürəm ki, ilk növbədə biz bu insanları dinləməliyik, onları bu yoldan çəkindirməyə çalışmalıyıq. Bir neçə dəfə mən onları sadəcə dinləməklə, məsləhət verməklə bu yoldan çəkindirməyə nail olmuşam. Hətta əlində kəndirlə canlı yayım açıb mənə öz intiharını göstərmək istəyən birisi də var idi. Dəfələrlə şəxsi hesabıma və yaxud da votsapa "sabah mənim  intihar xəbərimi siz verərsiniz" yazanlar olub. Onları çətinliklə də olsa çəkindirmişəm, bəzən iki saatla təbliğ eləmişəm. Oğul var ki, ata-anası, 3 uşağı var. Deyirəm, intiharla nə əldə edəcəksən? Ən azından indi sağlamsan və yaxud da həyatdasan, hansısa bir iş tapıb işləyib ailəni dolandırmaq üçün hansısa bir şanslar var. Amma intihardan sonra bu şansların heç biri olmayacaq. Odur ki, biz insanları öncə dinləməliyik. Ən böyük problem bundan ibarətdir".

Ə.Verdiyev vurğuladı ki, mülki vətəndaşlar arasında da belə hallarla qarşılaşırıq: "İntihar bəzən  ailə-məişət problemlərindən qaynaqlanır. Əfsuslar olsun ki, bizim məmurlarımız arasında müharibədə iştirak edən, yaralanan şəxslərə qarşı soyuq münasibət və yaxud da daha sərt münasibət olur.  Bu bizi dərindən məyus edir.

Kifayət qədər yüksək atəş intensivliyində keçən bir müharibədən sonra, onsuz da psixologiyasında müəyyən sarsıntılar yaşayan müharibə iştirakçılarına hər birimiz diqqətlə yanaşmalıyıq. Onların münaqişələrdən, məişət qayğılarından, neqativ mübasibətdən uzaq tutmalıyıq. Hamılıqla belə şəxslərə dəstək olmalıyıq, onların psixoloji reablitasiyası və yaxud da həkim psixoloqun qəbulu üçün əlimizdən gələni etməliyik".

Hərbi ekspert vurğuladı ki, bəzi intiharlar məmur diqqətsizliyi ilə bağlı olur: "Bəzən əsgər atasının evdə problem yaratdığını, ana-bacısını incitdiyini eşidir. Bəzən hansısa problemlər yaşayarkən, evdən də ailə problemləri ilə bağlı xəbərlər gəlir. Ya hansısa dostundan, sevgilisindən  bəd xəbər alır, hansısa bir məmurdan nalayiq bir ifadə eşidir və  intihara əl atır. Müharibə iştirakçısı düşmənə qarşı müharibədə məğlub olmur, gəlir hansısa tərbiyəsizin bir kəlmə sözünə görə həyatına qəsd edir. Bu, tamamilə, yalnış məsələdir. Sosial şəbəkədə də bu məsələləri yayarkən əvvəlcə dəqiq araşdırmaq lazımdır. Bəzi adamlar var, n sanki əlləri klaviaturanın üzərində hazır gözləyirlər ki, bir intihar olsun, onun da sağını-solunu  bəzəyib ictimaiyyətə sırısınlar. Bu çox yalnış addımdır. Yaxşı olardı ki, həmin döyüşçüləri, veteranları, yaralananları dinləyək, onları anlayışla qarşılayaq, duyğuları ilə oynamayaq".

Ləman Sərvanqızı,

SİTAT.İNFO

 



Xəbər xətti