Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonunun Kiş kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Sitat.info xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, ərazinin mürəkkəb relyef xüsusiyyəti nəzərə alınaraq yanğınla mübarizə tədbirlərinə FHN-in Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***14:37
Şəki rayonunun Kiş kəndi yaxınlığında meşə ərazisindəki kolluq sahə yanır.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.
Onun sözlərinə görə, yanğın mürəkkəb relyefli dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb: "Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur. Hazırda ETSN-in yerli qurumlarının 100-ə qədər əməkdaşı və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri yanğının söndürülməsində iştirak edir”.
İ.İbrahimova vətəndaşlara bir daha müraciət edərək meşə yanğınlarının çox ciddi və təhlükəli olmasını nəzərə alaraq təbiət ərazilərində istirahət edən hər kəsi ehtiyatlı və diqqətli olmağa, məsuliyyəti hiss etməyə çağırıb.