Avropanı dəhşətli qışın gözlədiyi kimsəyə sirr deyil: Rusiya nələr edə bilər?

16:25 24 Avqust 2022

Vahid Avropa valyutasının dəyərdən düşməsi, istisnasız olaraq, Rusiyanın Ukraynaya müdaxiləsi və Avropa İttifaqının rəsmi Kiyevi dəstəkləməsi ilə bağlıdır. Bu, prinsip etibarilə, bütün Qərb institutlarının qənaətidir və reallığı əks etdirir.
Bununla yanaşı, iqlim dəyişiklikləri və bir sıra məhsulların, xüsusilə də kənd təsərrüfatı məhsullarının idxalının azalması, həmçinin enerji daşıyıcılarının qiymətinin kifayət qədər yüksəlməsi də avronu təzyiq altında saxlayan amillərdən biri kimi dəyərləndirilir".

Bu fikirləri SİTAT.İNFO-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. 

Politoloq bildirdi ki, hazırda Avropa İttifaqı ərazisinin 47%-də anomal quraqlıq hökm sürür, 17% ərazi isə fövqəladə  vəziyyətdədir: "Aİ-nin aparıcı dövlətlərinin iqtisadiyyatında baş verən kataklizmlər, ÜDM-in azalması da ittifaq ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərir. Məsələn, 2022-ci ilin əvvələində Almaniyada ÜDM-in artımının 4,5% olacağı proqnozlaşdırılsa da, real göstərici 1,5%-dir. Bununla yanaşı, bütün cəhdlərə baxmayaraq, Almaniya ən tezi 202-ci ilədək Rusiya qazından asılı olacaq. Ekspertlərin hesablamalarına görə, yaxın 2 ildə müharibənin yaratdığı vəziyyət Almaniya iqtisadiyyatına 150-200 milyard avro civarında ziyan vura bilər. Məhz bu baxımdan, Aİ-nin müvafiq komissarlıqları və NATO təmsilçiləri enerji resurslarının idxalında yarana biləcək yeni vəziyyətin Avropa İttifaqına üzv olan dövlətlərin Kiyevi dəstəkləmələri ilə bağlı konsensusu poza biləcəyini düşünürlər".

E.Mirzəbəylinin sözlərinə görə, artıq Avropanı dəhşətli qışın gözlədiyi kimsəyə sirr deyil: "Ehtimal edilir ki, Rusiya da məhz bu səbəbdən müharibəni uzatmağa çalışır.  İsveç mütəxəssislərinin qənaətinə görə, Rusiya havaların soyuq keçəcəyi günlərdə qaz ixracını məqsədyönlü şəkildə minimuma endirə bilər. 
Təbii qazın çatışmazlığı səbəbindən isə, Avropa İttifaqına üzv ölkələr əsas gəlir mənbələri olan sənaye məhsullarının ixracını dayandıra bilərlər. Bu isə iqtisadiyyat üçün ölümcül zərbə deməkdir. Bu səbəbdən bir sıra Avropa ölkələri, o cümlədən Fransa və Almaniya böhran planları hazırlayır və nələri qurban verə biləcəklərini nəzərdən keçirirlər. Artıq Brüssel üzv ölkələrə müraciət edərək, onları təbii qaz ehtiyaclarını ən azı 15% azaltmağa çağırıb". 

E.Mirzəbəylinin sözlərinə görə, təbii qazla bağlı yaranmış böhran elektrik enerjisinin qiymətində də daha ciddi artımların olmasına zəmin yarada bilər və artıq yaradıb: "Məsələn, iyun ayının əvvəlində Fransada elektrik enerjisinin 1 meqavat-saata görə 500 avro olduğu halda, hazırda 700 avrodur və 2023-cü ilin əvvəlindən 840 avroya yüksələcəyi proqnozlaşdırılır. 
Bununla yanaşı nəzərə almaq lazımdır ki, Avropa dövlətləri enerji qiymətlərinin fantastik həddə çatmaması üçün əhalinin istiliklə təmin edilməsinə, benzinin qiymətinin sabit saxlanılmasına, bahalaşmanın qarşısının alınmasına yüz milyardlarla avro subsidiya ayırmaq məcburiyyətində qalacaqlar". 

Politoloq vurğuladı ki, məhz bu baxımdan, Avropa İttifaqında və NATO-da Ukrayna ilə bağlı konsensusun pozulacağı gözləniləndir və Rusiya tərəfinin əməliyyatların məqsədyönlü şəkildə ləngidilməsi barədə açıqlamaları da, qənaətimə görə, reallığı əks etdirir.

Nigar Abuzər,

SİTAT.İNFO



Xəbər xətti