Kasıb ailələr kəndlərinə qayıdıb illik 25 min manatdan çox qazana bilər - İş adamından ailə biznesi PLANI

12:55 25 Avqust 2022

Qlobal ərzaq böhranı və yerli iqtisadiyyatdakı problemlər fonunda qiymət artımı davam edir və əhalinin rifah səviyyəsi sürətlə aşağı düşür. Vaxtilə tikinti bumu dövründə paytaxta köç edən kənd əhalisi isə artıq günəmuzd işləməklə dolanmaqda çətinlik çəkir. Əhalinin aztəminatlı təbəqəsi yenidən bölgələrə üz tutmağa,  torpağa ümid bağlamağa hazırdır. Bəs orada necə bir ailə təsərrüfatı qurmaq olar ki, kəndli təkbaşına illik normal gəlir əldə edə bilsin. Hansı sahədə istehsal daha az risk daşıyır və normal bazara malikdir?

Mövzu ilə bağlı  SİTAT.İNFO-ya danışan  iş adamı Mürvət Həsənli bildirdi ki, rayonlara və kəndlərə qayıdan əhalinin əsas qazanc mənbəyi torpaq və torpağa bağlı sahələrdir: "Ölkədə ən böyük satışı olan məhsullar birinci ərzaq məhsullarıdır. Bu ərzaqlar da bildiyiniz kimi un, ət, çörək, yumurta və toyuq əti, eyni zamandada bəzi balıq məhsulları da daxildir.  Bunların istehsalı ilə məşğul olmaq üçün yəqin ki, hər bir kəndlinin həyətyanı sahəsi var. Bir hektarlıq həyətyanı sahədə minə yaxın toyuq saxlayıb, təxmini gündəlik 500-700 arası yumurta satışa çıxarda bilər. Bir ildə min toyuqdan orta hesabla  on minə yaxın cücə almaq olar və o cücələrin böyütmək üçün lazım olan maliyyəni yumurtanın satışından əldə etmək mümkündür. Bu toyuqların satışından illik olaraq  10-15 min manat civarında qazanc əldə etmək mümkündür".

M.Həsənli paralel olaraq bir kəndlinin əkinçiliklə və maldarlıqla da məşğul ola biləcəyini qeyd etdi: "Bundan da əlavə kartof əkini gəlirlidir. Özəlliklə də Qərb bölgəsi, həmçinin Cəlillabad, Qusar və Quba tərəfdə kartof əkinçiliyi ilə məşğul olan insanlar 1 hektar sahədən 5-6 min manat gəlir götürə bilir. Əlavə sahələrdən qoyunçuluq və maldarlıqla da məşğul olsa, illik 20-24 min manat arası gəlir əldə etmək olar. Bu sahələrə də dövlət kifayət qədər dəstək verir. Həm kiçik sahibkarlıq olaraq, həm də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dotasiya, subsidiya şəklində. Bundan əlavə, aztəminatlı ailələrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi maldarlıqla məşğul olması üçün inək və yə qoyun alıb verir ki, həmin ailənin gəlir mənbəyi olsun. Sadəcə insanlarda işləmək həvəsi olmalıdır ki, hər bir işdə gəlir əldə etmək mümkün olsun".

İş adamı vurğuladı ki, bu deyilən məhsulların hamısının satışı mümkündür: "Bu məhsulları satarkən kəndli heç bir problem yaşamır. Çünki, hal-hazırda birinci dərəcəli ərzaq məhsullarına ehtiyac var. Digər sahələr olan meyvəçilik, narçılıq və üzümçülüklə məşğul olmaq sadə kəndlinin işi deyil, bu sahələrə daha böyük fermerlər üz tutsa daha yaxşı olar. Ona görə ki, bu məhsulların satışında müəyyən problemlər olur. Bəzən bazarın bolluq dönəmində o məhsulları satmaq biraz çətin olur. Ona görə düşünürəm ki, birinci dərəcəli ərzaq məhsullarının istehsalı ilə məşğul olsalar daha yaxşı gəlir əldə edə bilərlər". 

Kəndlinin məhsulunun dəyər-dəyməzinə alınıb paytaxtda baha satılmasına gəlincə, M.Həsənli qeyd etdi ki,  bazar anlayışında hər zaman möhtəkirlər var: "Bu gün kəndli hər gün 100 yumurtanı Bakıya gətirib sata bilməz. Bazar anlayışı budur ki, möhtəkirlər həmin yumurtaları yığıb kıya göndərirlər və ya kəndə toyuğunun kəsimi ilə məşğul olurlar. Kəndlidən toyuğu alırlar  və ümumi formalarda onun satışını təşkil edirlər.  Bildiyiniz kimi Bakıda elə xırda bazarlar da mövcuddur. Bu bazarlarda demək olar ki, yalnız kənd məhsulları satılır. Əsas odur ki, birinci dərəcəli ərzaq məhsulları istehsal edilsin, çünki bu ərzaqların satışı hər zaman problemsiz olur".

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti