"Azərbaycan Yüksəliş Partiyası ölkədəki kəskin bahalaşma və bundan çıxış yolları ilə əlaqədar təcili təxirəsalınmaz tədbirlərin görülməsini vacib hesab edir.
AY Partiya hesab edir ki, hökumət bahalaşmanın qarşısını inzibati yolla ala bilməz. Bu cür cəhdlər iqtisadiyyatı, sahibkarları ciddi problemlərlə üzləşdirə bilər. Ona görə də, bahalaşmadan sığortalanmaq üçün yalnız əhalinin gəlirləri artırılmalı və bundan ötrü müvafiq addımlar atılmalıdır".
SİTAT.İNFO xəbər verir ki, bu barədə partiyanın yaydığı məlumatda deyilir.
Qeyd olunur ki, bu istiqamət üzrə AY Partiya 10 təklif təqdim edir:
1. Əməkhaqları, pensiya, sosial müavinət və aztəminatlı əhali qruplarının sosial təminatilə bağlı ödənişlərə, inflyasiya həddi nəzərə alınmaqla, yenidən baxılmalı və yüksəldilməli;
2. Qabaqlayıcı tədbirlər kimi, proteksionist, fiskal siyasəti bir müddətlik təxirə salaraq, müəyyən vergi yığımları ilə bağlı kəskin faiz endirimləri edilməli;
(Ötən ilin sonlarından etibarən qlobal neft-qaz qiymətlərindəki kəskin artımlar sayəsində neft-qaz ixracatçısı olan Azərbaycanın son 8 ay ərzində xarici ticarət dövriyyəsində 15 milyard ABŞ dollarına yaxın müsbət saldosu yaranıb).
3. İstehlak malları üzərindəki ƏDV (18%) kəskin azaldılmalı, ticarətdə ƏDV yığımlarına bir müddət ara verməklə, bir çox idxal olunan qida və ərzaq məhsulları üzərinə tətbiq olunan idxal rüsumlarının maksimum səviyyədə minimallaşdırılması ilə vəziyyəti cüzi də olsa, stabilləşdirməli;
4. Qiymətlərə təsir üçün yerli istehsalın təşviq edilməsi ilə yanaşı, gündəlik istehlak olunan qida və ərzaq məhsullarının idxal rüsumlarına mümkün olduğu qədər güzəştlər tətbiq edilməli;
5. İstehsalın təşviqi zamanı, eləcə də bu istiqamətdə maddi resurs tələb olunduğundan, proses paralel və bütün risklər dəyərləndirilməklə qısa müddət ərzində nəticə əldə etmək üçün idxalda güzəştlər edilməli;
6. Qısa müddətdə böhranı idarə etmək məqsədilə idxalla məşğul olan sahibkarlara vergi və gömrük güzəştləri tətbiq edilməli, onların cari xərc yükü azaldılmalı, güzəştlər tətbiq edildikdən sonra bir müddət istehlak bazarında qiymətlərə dövlət nəzarəti gücləndirilməli, müntəzəm surətdə müvafiq antiinhisar tədbirləri həyata keçirilməli;
7. Xüsusilə, gündəlik ərzaq və digər tələbat malları ilə əlaqədar idxaldan asılılığın azaldılması üçün yerli istehsala və emal sənayesinə şərait yaradılmalı;
(Bunlar subsidiya, vergi güzəştləri, eyni zamanda istehsal prosesində istifadə olunan xammalın və digər zəruri komponentlərin idxalına gömrük güzəştləri, o cümlədən kənd təsərrüfatı ilə məşğul olan fermerlərə, iri, orta və kiçik sahibkarlara uzunmüddətli, aşağı faizli və güzəştli kredit imkanlarının yaradılması şəklində ola bilər).
8. İqtisadiyyatın davamlı inkisafı üçün hüquqi baza yaradılmalı;
(İlk olaraq “Rəqabət Məcəlləsi” qəbul edilməli, onun tətbiqinə dövlət nəzarəti həyata keçirilməlidir. Nəzərdə tutulan bütün bu proseslər şəffaf şəkildə həyata keçirilməlidir).
9. Ölkəyə əlavə yeni kapital axınına nail olmaq üçün ixrac şaxələndirilməli, ixrac üçün yeni bazarlar tapılmalı, dövlət tərəfindən bu prosesdə sahibkarlara ilkin mərhələdə hər cür texniki, informasiya və maddi dəstək göstərilməli;
10. Ölkədən valyuta çıxaran məhsullar müəyyənləşdirilərək, həmin məhsulların yerli istehsal potensialı araşdırılmalı, xarici və yerli investisiya cəlb olunmaqla analoji malların istehsalı təşviq edilməli, müvafiq olaraq həmin sahələrə uzunmüddətli, minimal faizli, güzəştli dövlət kreditləri ayrılmalıdır.
SİTAT.İNFO