Türkiyə, Finlandiya və İsveçin imzaladığı üçlü memorandum çərçivəsində yaradılmış daimi birgə mexanizmin ilk iclası keçirilib. İclasda öhdəliklərin icrası ilə bağlı məsələlərə baxılıb və atılacaq addımlar müzakirə olunub. Tərəflər terrorla mübarizə mövzusunda razılığa gəliblər.
SİTAT.İNFO xəbər verir ki, 28 iyunda NATO-nun Madrid Zirvə toplantısında Türkiyə, Finlandiya və İsveçin imzaladığı Üçtərəfli Memorandum çərçivəsində qurulan Daimi Birgə Mexanizmin ilk iclası Helsinkidə keçirilib.
Daimi Birgə Mexanizmin Türkiyə nümayəndə heyətinə Prezidentin sözçüsü İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik edib. Nümayəndə heyətinə ədliyyə, xarici işlər, daxili işlər, milli müdafiə nazirliklərinin və Milli Kəşfiyyat Təşkilatının nümayəndələri daxildir.
İsveç nümayəndə heyətinə Baş nazirin dövlət katibi Oskar Stenström, Finlandiya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin daimi dövlət katibi Jukka Salovaara başçılıq edib. Ədliyyə, təhlükəsizlik və kəşfiyyat orqanlarının nümayəndələri də görüşdə olub.
Tədbirdə Birgə Mexanizmin iş prinsipləri müəyyən edilib, Üçtərəfli Memorandumda qeyd olunan öhdəliklərin icrası ilə bağlı proseslər nəzərdən keçirilib. Gələcək dövrdə atılacaq konkret addımlar vurğulanıb.
Finlandiya və İsveç terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə tam həmrəylik və əməkdaşlıq etmək, PKK terror təşkilatı başda olmaqla, milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı Türkiyəyə hərtərəfli dəstək vermək, PYD-yə dəstək verməmək öhdəliyini təkrarlayıb.
Nərgiz,
SİTAT.İNFO