Azərbaycanın xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib.
Sitat.info xəbər verir ki, bu barədə Report-a aktyorun qızı Aytən Həsənova məlumat verib.
Onun sözlərinə görə, atasının səhhəti pisləşib və vəziyyəti yaxşı deyil:
"Hazırda xəstəxanadayıq. Müayinələri hələ ki, tam bitməyib. Atamı xəstəxanaya orta-ağır vəziyyətdə gətirmişik".
Qeyd edək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.
***
Xalq artisti Ənvər Həsənovun səhhəti ilə bağlı məsələ Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən nəzarətə götürülüb.
Bunu ittifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev deyib.
O bildirib ki, ittifaqın sədri Şəfiqə Məmmədova aktyoru şəxsən özü ziyarət edib:
“Dəyərli aktyorumuz Ənvər Həsənov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. Bu gün ittifaqın sədri Şəfiqə Məmmədova onu şəxsən özü ziyarət edib. Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin də qərarı ilə aktyorun səhhəti ittifaqın nəzarətindədir. Bütün lazımi tapşırıqılar verilib. Hazırda xəstəxanadadır. Vəziyyəti stabildir”.