Balıq ovu ilə məşğul olan şəxslərin nəzərinə!

10:56 31 Avqust 2022

Balıqların kürüləmə dövrü ilə əlaqədar 1 may 2022-ci il tarixindən balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabrın 1-də bitir. 

“Sitat.info” xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin birgə məlumatında bildirilir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Su Nəqliyyatında Polis İdarəsi ilə birgə sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırır ki, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə edilməlidir. 

Ov zamanı zəhərli, kimyəvi və partlayıcı maddələrdən, eyni zamanda qanunla ölkədə dövriyyəsi qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq və digər alətlərdən istifadə edən şəxslər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Sənaye balıq ovu ilə məşğul olmaq istəyən şəxslər 5 saylı “ASAN xidmət” mərkəzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin pəncərəsinə müraciət edərək müvafiq icazə sənədini əldə etməlidirlər. Üzən vasitələr müvafiq qaydada qeydiyyatdan keçirilməli, ovlanmış balıq və digər su bioresursları barədə məlumatları əks etdirən vətəgə jurnalında gündəlik balıq ovu barədə qeydiyyat aparılmalıdır.

Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

 



Xəbər xətti