"Danışıqları davam etdirməklə yanaşı Azərbaycan öz real gücünü ortaya qoymalıdır" - Arzuxan Əlizadə

08:30 2 Sentyabr 2022

"Ötən gün baş tutan Brüssel görüşü  Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə  tərəflər arasında keçirilən 4-cü görüşdür. Bundan əvvəlki dönəmlərdə 10 noyabr bəyənnaməsindən irəli gələn bir sıra müddəalar, demarkasiya və delimitasiya məsələləri, sülh sazişinin imzalanması ilə bağlı məsələlər müzakirə olunub. Amma təəssüflər olsun ki, əvvəlki görüşlərin acı nəticəsindən çıxış edərək demək istəyirəm ki, irəliləyiş yoxdur. Mənim subyektiv mövqeyimə görə bu görüşdən ciddi bir irəliləyiş gözləmək düzgün olmaz".

Bu fikirləri SİTAT.İNFO-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə Azərbaycan və Ermənistan prezidentləri arasında baş tutan görüşün nəticələrini dəyərləndirərkən deyib. 

Onun sözlərinə görə, bu cür ümidsiz yanaşmanın səbəbi təkcə Ermənistan deyil, həm də vasitəçilik edən tərəflərin, Rusiya və Avropa Birliyinin üzərinə götürdükləri vasitəçilik missiyasından doğan öhdəlikləri yerinə yetirməməsidir: "Təəssüflər olsun ki, qarşı tərəf olaraq Ermənistan da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə bir o qədər də maraqlı görünmür. Baxmayaraq ki, ikitərəfli kommissiyalar formalaşdırılıb, demarkasiya və delimitasiya problemini həlli ilə bağlı iş aparılır. Hətta sülh sazişinin imzalanması ilə bağlı komissiyalar formalaşıb, artıq onlar arasında  2 dəfə görüş keçirilib. Bu görüşlərdən biri Ermənistan-Azərbaycan sərhəddində, digəri isə Rusiyada keçirildi. Üçüncü görüşün isə Brüsseldə keçirilməsi planlaşdırılıb".

A.Əlizadənin sözlərinə görə, konkret olaraq demarkasiya və delimitasiya məsələsi , sülh sazişinin bağlanması ilə bağlı Azərbaycan tərəfinin irəli sürdüyü beynəlxalq hüquq və prinsiplərə əsaslanan 5 şərt var: "Faktiki olaraq bu şərtlər Ermənistan tərəfindən sözdə qəbul olunub. Çünki həmin şərtləri qəbul etməmək mümkün deyil. Bunlar bütövlükdə beynəlxalq hüququn prinsiplərini özündə əks etdirən şərtlərdir. Bu şərtlər özündə onu ehtiva edirki, Ermənistan ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Azərbaycana ərazi iddialarından əl çəkməlidir. Beynəlxalq hüquqla tanınmış sərhədlərimiz çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Ermənistan sözdə qəbul edir , amma faktiki olaraq qəbul etdiyi şərtləri yerinə yetirmir deyə danışıqlar hər dəfə nəticəsiz sonluqla yekunlaşır".

Partiya sədri vurğuladı ki, bundan əvvəlki görüş Brüsseldə may ayında olub, üzərindən artıq bir neçə ay keçib və həmin görüşdə gəlinən bir sıra məsələlər də öz həllini tapmayıb: "Bundan sonraki mərhələdə bu tipli görüşlərin keçirilməsində fayda var və Azərbaycanın bu görüşlərdən imtina etməsi heç də düzgün olmaz. Yekunda elə də ciddi bir nəticəyə nail olmaq mümkün olmasa da, Azərbaycan tərəfindən xüsusi olaraq formalaşdırılan görüntü ondan ibarətdir ki, biz problemin danışıqlar yolu ilə , bir masa ətrafında müzakirə etmək yolu ilə həllində maraqlıyıq.  Bu danışıqlardan heç bir halda geri çəkilmirik. Amma görünən bundan ibarətdir ki, Azərbaycanın gücünü hiss edəndən sonra Ermənistan bu və digər məsələnin həllinə razılaşmış olur. Biz bu günlərdə Laçının boşaldılmasının, Laçın dəhlizinə daxil olan Sus və Zabux kəndlərinin boşaldılması prosesin də bunun şahidi olduq. Ondan əvvəl həyata keçirilən qisas əməliyyatının nəticəsi idi ki, nəzərdə tutlmuş vaxtdan daha əvvəl  ərazilər Azərbaycanın nəzarətinə keçdi. Düşünürəm ki, bundan sonrakı mərhələdə danışıqları davam etdirməklə yanaşı Azərbaycan öz real gücünü ortaya qoymalıdır. Həm Xankəndi ilə bağlı, eləcə də digər ərazilər Xocavənd, Xocalı və bu gün Laçın dəhlizinə bağlı alternativ yol ilə bağlı da Azərbaycanın istəkləri yekun olaraq öz həllini tapmalıdır. Həmin ərazilər də tam olaraq Azərbaycanın nəzarətinə keçməlidir. Eləcə də kommunikasiya xətlərinin açılması ilə bağlı məsələ öz həllini tapmalıdır. Demarkasiya və delimitasiya ilə bağlı prosesi də Azərbaycanın nəzərdə tutduğu formada reallaşmalıdır. Ermənilər isə yalnız Azərbaycanın gücünü hiss etdikdən sonra bizim xeyrimizə addım ata bilərlər. Bir sözlə danışıqlar yolu ilə hansısa ciddi nəticənin əldə olunacağını düşünmrəm". 

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti