Bu gün - 3 oktyabr keçmiş təhsil naziri Misir Mərdanovun doğum günüdür. Sabiq nazirin 76 yaşı tamam olur.
Eks-nazir doğum günü ilə bağlı təəssüratlarını Modern.az-la bölüşərək, kimlərdən təbrik mesajı aldığını açıqlayıb.
- Misir müəllim, doğum günü münasibətilə sizi təbrik edirik. Bilmək istərdik, bu gün ilk təbriki kimdən aldınız?
- Məni ilk olaraq oğlum təbrik etdi. Sonra digər təbriklər gəlməyə başladı.
- 3 oktyabr sizin üçün özəl gündür. Bu günü necə qeyd etməyi düşünürsünüz?
- Mən heç vaxt ad günümü qeyd etməmişəm. İndi də ad günü keçirməyi düşünmürəm. Mənim üçün indi əvvəlki dövrlərdən heç nə ilə fərqlənmir. Əsas məclis, ad günü deyil. Əsas odur ki, insanların sevgisini qazana biləsən. Mən vətəndaşlarımızdan çox razıyam. Hər birinə minnətdaram, səhərdən telefon zənglərinin ardı-arası kəsilmir.
Məni tanıyanlar, bilənlər, hörmət edənlər zəng edirlər. Çalışıram ki, məni təbrik etmək istəyənlərin hamısının zənginə cavab verim ki, onlar da diqqətdən kənarda qalmasınlar. Ancaq yenə deyirəm ki, mənim üçün bu gün adi günlərdən biridir.
- Bəs, hədiyyələr aldınızmı?
- Belə deyək də, mənim nə 70, nə də 75 yaşım olur. Adi ad günüdür. Ona görə də, heç kimdən hədiyyə gözləmirəm. Hələ heç kimdən hədiyyə almamışam.
Həm də sevinirəm ki, ad günüm Azərbaycanın torpaqlarının ermənilərdən azad olunduğu vaxta təsadüf edib. Bu, məni həm sevindirir, həm də qürurlandırır.
- Bəs, doğum günündə özünüzə nələri arzulayırsınız?
- Arzu edirəm ki, növbəti ad günüm Azərbaycan torpaqlarının tam işğaldan azad olunduğu dövrə təsadüf etsin.
Qeyd edək ki, M.Mərdanov 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın (indiki Ermənistan) İcevan rayonunun Göyərçin kəndində anadan olub.
1964-cü ildə orta məktəbi bitirib, həmin il Azərbaycan Dövlət Universitetinə (Bakı Dövlət Universiteti) daxil olub. 1969-cu ildə Universitetin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1985-1986-ci illərdə BDU-nun qəbul komissiyasının məsul katibi vəzifəsində calışıb. 1978-ci ildən 1989-cu ilə kimi dekan müavini vəzifəsində çalışıb. 1996-cı ildən 1998-ci ilə qədər Bakı Dövlət Universitetinin nəzdində doktorluq dissertasiyası üzrə müdafiə şurasının sədri olub. 1989-1990-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində ali təhsil idarəsinin rəisi vəzifəsində çalışıb.
1991-1992-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində təhsil nazirinin müavini işləyib.
1992-1996-cı illərdə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində olub. 1997-1998-ci illərdə Bakı Dövlət Universitetin rektoru işləyib. Nəhayət, 1998-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsində çalışıb.
2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktorudur. 2014-cü ildən Türk dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidentidir.(Modern.az)