Başçının getdiyi məkdəbdə şagirdlər niyə dərsdə olmayıb?

17:00 4 Oktyabr 2022

Gədəbəydə icra başçısının qüsurlar aşkarladığı məktəbin direktorundan izahat alınıb.

Sitat.info xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi məlumat yayıb.

Məlumata görə, rayonun Arıqıran kənd tam orta məktəbində şagirdlərin və müəllimlərin dərsdə olmaması ilə bağlı araşdırmalara başlanılıb və hazırda monitorinq aparılır.

Qeyd olunub ki, məsələ ilə bağlı məktəb direktorunun izahatı alınıb. Məlumata görə, araşdırmalar davam etdirilir:

"Monitorinq başa çatdıqdan sonra nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

Xatırladaq ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov rayon məktəblərində şagirdlərin dərsə davamiyyəti və dərs prosesinin hansı səviyyədə təşkil edilməsini öyrənmək məqsədilə Arıqıran kənd tam orta məktəbində olub. Məktəbdə 1-ci növbə dərs saatında 201 şagirddən yalnız 55-i siniflərdə olub. Məktəb direktoru və dərsdə olmalı olan bəzi müəllimlər, həmçinin 11-ci siniflər üzrə 55 şagirddən heç biri məktəbdə olmayıb. Şagirdlərin əksəriyyəti isə digər şəhər, rayonlarda yaşayan və rayonla əlaqəsi olmayan şəxslər olduğu da müəyyən edilib. Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı məsələnin araşdırılması və bu kimi xoşagəlməz halların aradan qaldırılması ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi qarşısında məsələ qaldırıb.

***

Gədəbəydə şagirdlərin dərsdə olmamasının səbəbi açıqlanıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsindən verilən məlumata görə, Gədəbəy rayonu Arıqıran kəndində baş vermiş hadisə ilə bağlı araşdırma aparılmış, məktəb direktorunun izahatı alınıb.

İzahat əsasında məlum olub ki, həmin günü məktəbin yuxarı sinif şagirdləri, bir neçə müəllimi və məktəbin direktoru kəndin şəhidinin anım günü tədbirində olublar.

Məktəb Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb, gələcəkdə bu cür halların yaşanmaması üçün müvafiq tədbirlər görüləcək.

/Qafqazinfo



Xəbər xətti