Bu il Azərbaycan ən çox qeyri-neft məhsullarını hansı ölkələrə ixrac edib?

14:51 31 Oktyabr 2022

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracı 29,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,1 milyard ABŞ dolları təşkil edib.

Sitat.info xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın oktyabr sayında bildirilir.

Ölkənin qeyri-neft sektoru üzrə ixracı 2021-ci ilin doqquz ayı ilə müqayisədə 17 % artıb.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 2,4 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 38 %, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 20,7 % artıb.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 591,5 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,9 %-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 % artıb.

Hesabat dövründə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (163,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (147,1 milyon ABŞ dolları) ikinci, tomat (pomidor) (134,3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Bu dövr ərzində Rusiya Federasiyasına 602,2 milyon ABŞ dolları, Türkiyəyə 511,6 milyon ABŞ dolları, Gürcüstana 144,6 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 136,3 milyon ABŞ dolları və ABŞ-a isə 63,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2022-ci ilin sentyabr ayı üzrə ixrac 3,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 231,2 milyon ABŞ dolları təşkil edib. Ötən ay ərzində yeyinti məhsulları üzrə ixrac 7,4 % artaraq 49,7 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 1,7 % artaraq 181,6 milyon ABŞ dollarına bərabər olub.

Sentyabrda qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (74,6 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (20,5 milyon ABŞ dolları) ikinci və Gürcüstan (18,5 milyon ABŞ dolları) üçüncü olub.

2022-ci ilin sentyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (21,4 milyon ABŞ dolları) birinci, karbamid (21,3 milyon ABŞ dolları) ikinci və qızıl (18,4 milyon ABŞ dolları) üçüncü olub.



Xəbər xətti