Azərbaycanda bitki yağlarının bahalaşması təbii ki, Ukrayna-Rusiya müharibəsi ilə bağlıdır. Çünki Ukrayna dünya bazarının qarğıdalı yağı ehtiyacının təqribən 30-35%-ini, günəbaxan yağının isə böyük həcmini təmin edirdi. İndi isə Ukrayna demək olar ki, bu məhsulları istehsal etmək gücündə deyil.
Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli son aylar ərzində bitki yağlarının kəskin artması haqqında danışarkən deyib.
“Azərbaycan kəskin şəkildə bu yağ növlərindən asılıdır. Çünki Azərbaycan bu məhsulları demək olar ki, özü istehsal etmir. Bizim marketlərdə şirkətlərimiz tərəfindən yerli istehsal adı altında bazara çıxarılan məhsullar ancaq qablaşdırma üzərində elədir. Ona görə ki, onlar tonlarla yağ alır, qablaşdırmasını isə burada həyata keçirirlər. Nə qədər ki, ölkəmizdə yerli istehsal yoxdur və xaricdən asılıyıq, bu bitki yağlarında daim artım müşahidə edəcəyik”, - N.Cəfərli bildirib.
Qeyd edək ki, 2 ay öncə 29.70 AZN olan 5 litrlik qarğıdalı yağı hazırda alıcılara 37.65 AZN-ə təqdim olunur.