Təhlükəsizlik və müdafiə xərcləri artırılır

13:02 16 Noyabr 2022

"Təqdim edilmiş layihədə 2023-cü il üçün büdcə gəlirləri 2022-ci illə müqayisədə 1 milyard 522,9 milyon manat çoxdur və 30 milyard 720,7 milyon manat nəzərdə tutulub. Artımın təqribən yarısı qeyri-neft-qaz sektorunun, yarısı isə neft-qaz sektorunun payına düşür. Vergi və gömrük orqanlarının vasitəsilə təmin olunan gəlirlərin 1 milyard 807 milyon manat artıq planlaşdırılmasını məqbul hesab edir, buna ölkədə gedən biznes mühitinin şəffaflaşması, dövlət-sahibkar arasında etimad mühitinin artması, həmçinin, inflyasiyanın və idxalın artmasının zəmin yaradacağını da qeyd edirik".

Sitat.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün müzakirəyə çıxardığı “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanununun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, neft sektorundan büdcə gəlirlərinin artmasının əsas səbəbi “Şahdəniz” yatağından hasil edilən təbii qazın ixracı üzrə mənfəət vergisinin təxminən 700 milyon manat çox, yəni 2 milyard 875 milyon manat planlaşdırılması olub:

“Ümumiyyətlə, ölkəmizin qaz ixracının həcm və coğrafiya olaraq genişlənməsi, bundan dövət büdcəsinin, demək həm də vətəndaşların faydalanması ölkə prezidentinin geo-iqtisadi siyasətinin bəhrəsinin bariz nümunəsidir”.

Deputat əlavə edib ki, bu ilin büdcə gəlirlərinin son 10 ayının göstəricisi gələn ilin büdcə gəlirlərinin planlaşdırıldığı kimi olacağını göstərir.

Komitə sədri bildirib ki, büdcədə neftin bir barreli 50 ABŞ dollarından götürülüb.

O, eyni zamanda deyib ki, nəqliyyat infrastrukturunun inkişaf etdiyi və gəlirlərin artdığı da müşahidə edilir.

“Müdafiə, təhlükəsizlik sahəsinə xərclər ötən illə müqayisədə 500 milyon manat artırılıb. Komitədəki müzakirələr zamanı həmkarlarım bu sahəyə daha çox maliyyə artırılmasını təklif edib. Düşünürəm ki, ehtiyac yaranacağı təqdirdə büdcədən bu istiqamətə vəsait artırıla bilər”, - Mirkişili qeyd edib.

Komitə sədri söyləyib ki, ötən illə müqayisədə səhiyyə sahəsinə 200 milyon manat çox ayrılıb.

Sitat.info



Xəbər xətti