"Deputatlar əleyhinə olsa belə, qanun təsdiq olunacaq": Sərdar Cəlaloğlu mübahisəli qanundan danışdı

13:21 23 Noyabr 2022

"Qanunlar cəmiyyətdəki ictimai münasibətlərə, Konstitusiyaya və beynəlxalq hüquqa uyğun olmayanda həmin qanunları işləmək imkanı olmur".

Bu fikri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Milli Məclisdə "Siyasi partiyalar haqqında" Qanunu dəyərləndirərkən deyib.

Onun  sözlərinə  görə, faktiki olaraq indiki şərtlərdə qanun qəbul ediləcəyi təqdirdə işləməyəcək: "Bu Azərbaycanda nəinki çoxpartiyalı siyasi  sistemin inkişafına təkan verəcək, əksinə Azərbaycanda partiya fəlaliyyətini demək olar ki, məhv edəcək".

Partiya sədri vurğuladı ki, burada neçə deputatın səs verməsi əsas deyil, əsas mahiyyətidir ki, bu gün niyə belə bir qanun meydana çıxıb: "Biz bilirik ki, real olmayan partiyaları hakimiyyət çox asanlıqla qeydiyyatdan keçirir, real partiyaların qeydiyyatı isə illər çəkir və ya heç keçirilmir. Qanunun bu vəziyyətə salınması Azərbaycan hakimiyyətinin çoxpartiyalı sistemindən uzaqlaşmasından xəbər verir. Təbii ki, bu qanun elə-belə ortaya çıxmayıb.  Ona görə də orda olan deputatlar əleyhinə səs versələr belə, həmin qanun təsdiq olunacaq. Amma qanun təsdiq olunsa belə,  Azərbaycan cəmiyyətinə heç bir müsbət fayda verməyəcək".

Səid İsaoğlu,
Sitat.info



Xəbər xətti