AY Partiya rəhbərliyinin Türkiyə səfərində növbəti görüşü İraq Türkmən Cəbhəsi və Kərkük Kültür Dərnəyində olub.
Sitat.info xəbər verir ki, təşkilatın Türkiyə təmsilçisi Kutluhan Yayçılı ilə görüşən heyət üzvləri bölgədə gedən proseslərə diqqət çəkiblər. Kutluhan Yayçılı İraq türklərinin səsinin dünyaya çatdırılması üçün fəaliyyət göstərdiklərini dilə gətirib, Türkiyə, Azərbaycan kimi digər türk dövlətlərinin də bu sahədə aktivlik göstərməsinə ehtiyac olduğunu vurğulayıb.
Başqanlıq Heyətinin üzvləri Aqil Dadaşzadə, Vasif İsmayıl, Rəşad Bakuvi, Aynur Qəzənfərqızı və Gülşən Hacıyeva daha sonra Dərnəyin Başqanı, jurnalist-yazar Şəmsəddin Kuzəçi ilə görüşüblər.
Görüşdə Kərkük türklərinin hazırkı durumu, problemləri, üzləşdikləri basqılar, təşkilatlanmaları barədə danışılıb, Türk Dünyası birliyinə daxil olan ölkələrin əlaqələrindən söhbət açılıb.
******
Həmçinin İYİ Partiya millət vəkili Yavuz Ağıralioğlu Ankarada səfərdə olan Azərbaycan Yüksəliş Partiyası Başqanlıq Heyətinin üzvləri Aqil Dadaşzadə, Vasif İsmayıl, Aynur Qəzənfərqızı və Gülşən Hacıyeva ilə görüşüb.
Türkiyə Böyük Millət Məclisində yemək süfrəsi arxasında bir araya gələn millət vəkili və partiya təmsilçiləri səmimi söhbət ediblər, AY Partiya və İYİ Partiyanın əməkdaşlığından, həyata keçirilməsi nəzərdə tutulan layihələrdən danışıblar.
Seymur Bənnayev
Sitat.info