Avropa bu xəbərdən sarsılıb. Almaniyada hökumət çevrilişinə cəhddə şübhəli bilinərək, keçmiş hərbçilər də daxil olmaqla 25 nəfər saxlanılıb. Sonuncu xəbərə görə, “Şahzadə” kimi tanınan 71 yaşlı XIII Henrix adlı şəxsin rəhbərlik etdiyi qrupun parlament binasına basqın edərək hökuməti devirməyi planlaşdırdığı bildirilib.
Sitat.info xəbər verir ki, Almaniyada ölkə daxilində həyata keçirilən basqınlarda 25 nəfərin terror təşkilatına üzv olmaq və dövlət çevrilişi planlaşdırmaq ittihamı ilə saxlanıldığı bildirilib. Prokurorluq səhər saatlarında keçirilən əməliyyatlarda nəzarətə alınanların 1871-ci il Almaniya İmperiyasını nümunə götürən dövlət qurmaq üçün terror təşkilatı qurmaqda ittiham edildiyini açıqlayıb.
Bir çox ştatlarda həyata keçirilən basqınlarda 25 nəfərin “terror təşkilatına üzv olmaq və ya dəstək vermək” ittihamı ilə nəzarətə alındığı bildirilib. Əsir düşənlər arasında keçmiş hərbçilərin də olduğu qeyd edilib. Saxlanılanların Almaniya Bundestaqına basqın edərək dövlət çevrilişi planlaşdırdıqları iddia edilib.
Almaniyanın Federal Ədliyyə Naziri Marko Buşman öz Twitter hesabından verdiyi açıqlamada bu gün səhər saatlarından etibarən böyük bir terrorla mübarizə əməliyyatının keçirildiyini, federal prokurorun terror şəbəkəsi ilə bağlı araşdırma apardığını bildirib.
“Konstitusiya institutlarına silahlı hücumun planlaşdırıldığına dair bir şübhə var”, - Buşman bildirib.
Almaniya İmperiyasını nümunə götürən qrup üzvlərinin müasir Almaniya dövlətini tanımadıqları bildirilir.
Seymur Bənnayev
Sitat.info