Sumqayıt şəhərində həmyerlisini küt alətlə qətlə yetirməkdə təqsirli bilinən Rafiq Nərimanovun cinayət işi üzrə təfərrüat məlum olub.
SİTAT.İNFO "olke.az"a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərinin 21-ci məhəlləsində baş verib. Şəhər sakini, əvvəllər məhkum olunmuş R.Nərimanov münaqişə zəminində Daşqın Hüseynovu qətlə yetirib.
Cinayəti törətməkdə şübhəli bilinən Rafiq Nərimanov polis əməkdaşları tərəfindən saxlanılıb və dindirilərkən törətdiyi əməli etiraf edib.
İlkin istintaq zamanı Rafiq Nərimanov ifadəsində bildirib ki, 2009, 2010 və 2017-ci illərdə üzərində narkotik vasitə aşkar edildiyindən məhkəmənin hökmü ilə müvaviq olaraq 1 il, 2 il 6 ay və 1 il 6 ay müddətlərində azadlıqdan məhrum olunub. Daşqın Hüseynovu uşaqlıq illərindən tanıyıb və eyni məhəllədə yaşayıblar:
“Hadisə baş verən günü məhəllədə Vüsalla söhbət edirdim, Daşqın da bizə yaxınlaşdı. Hərəkətlərindən bildim ki, sərxoşdur. Mən Vüsalla onun yanından aralandım. Bu vaxt Daşqın yerdən daş götürüb bizə tərəf atdı, o da mənim ayağıma dəydi”.
Rafiq Nərimanov ifadəsinin davamında bildirib ki, Daşqının hərəkətindən qəzəblənərək onun üzərinə gedib, sifətinə yumruq atıb. Hüseynov yenidən ağır ifadələr işlətdiyindən yerdən götürdüyü içki qabı ilə onun baş nahiyəsinə zərbələr vurub.
Bir neçə gündən sonra məhəllədə qonşulardan Daşqının öldüyünü eşidib.
Rafiq qeyd edib ki, mübahisəyə Daşqının onu söyüşlərlə təhqir etməsi səbəb olub.
Məhkəmə prosesi zamanı Rafiq Nərimanov ittiham üzrə özünü təqsirli bilib.
Məhkəmə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib.
Sonda məhkəmənin hökmü ilə Rafiq Nərimanov 9 il 10 ay müddətinə azadlıqdan məhrum olunub.