“İndi biz Ukraynanın qərbindəyik. İki qatarda 120 azərbaycanlı var və təxmini 6 saatdan sonra Lvov şəhərinə çatacaq”.
Bunu Oxu.az-a açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli bildirib.
O bildirib ki, təxminən yarım saatdan sonra Xarkov şəhərindən 250 nəfərə yaxın azərbaycanlının növbəti təxliyəsi olacaq:
“Xarkovdan son 3 gündə 400 nəfərə yaxın vətəndaşımız təxliyə olunub. Lakın kifayət qədər çətin vəziyyətdə olan və təxliyə olunmaq istəyən həmvətənimiz var. Çoxu qorxduğu üçün sığınacaqda qalıb”.
Qeyd edək ki, müharibə ilə bağlı vətəndaşlarımız müxtəlif yollarla Ukraynadan çıxarılır və Azərbaycana gətirilir.
Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar Rumıniyaya təxliyə olunmuş 176 Azərbaycan vətəndaşı bu gün Bakıya gətirilib.