Parisdə 3 nəfərin ölümü ilə nəticələnən Əhməd Kaya Mədəniyyət Mərkəzinə edilən hücuma görə keçirilən etiraz aksiyası PKK tərəfdarlarının zorakılığına çevrilib.
Sitat.info xəbər verir ki, Fransanın paytaxtında nümayişçilər aqressivləşərək bir neçə avtomobili yandırıblar. Hadisələrdə 30-a yaxın adam yaralanıb, 11 nəfər saxlanılıb.
Fransanın paytaxtı Parisin küçələri PKK tərəfdarlarının zorakılığına səhnə olub. Cümhuriyyət meydanına toplaşan etirazçılar onlara mane olmaq istəyən polisə daş, stul və bu kimi əşyalar ataraq, ən azı 4 avtomobili aşıraraq yararsız hala salıblar. Paris polis rəisi Laurent Nunez zorakılığın birdən-birə baş verməsinin səbəbini "başa düşmədiklərini" söyləyib.
Nunes iki saatdan çox davam edən hadisələrdən sonra 11 nəfərin həbs edildiyini, 30 nəfərin isə yüngül xəsarət aldığını açıqlayıb. Polis etirazçılara gözyaşardıcı qazla müdaxilə edib.
Nümayişçilər hökuməti və polisi ölkəni qoruya bilmədiklərinə görə tənqid edərək polislə toqquşub.
Son 10 ildə Parisdə 6 kürd fəalın öldürüldüyünü qeyd edən Fransadakı Kürd Demokratik Şurası (CDK-F) “Bizi Parisin ortasında, gün işığında öldürürlər” deyərək reaksiya verib. Bu arada, 69 yaşlı təcavüzkar dünən polis nəzarəti altında psixiatriya mərkəzinə aparılıb. Köçürülməzdən əvvəl təcridxanada şübhəlini müayinə edən həkim şübhəlinin orada saxlanmağa yaraşmadığına qərar verib.
Prezidentin sözçüsü İbrahim Kalın, yaşananlardan sonra terror təşkilatı PKK ilə bağlı Fransaya "Yenə də susacaqsan?" - deyə sual edib.
İbrahim Kalın Parisdə terror təşkilatı tərəfdarlarının törətdiyi zorakılığın görüntülərini sosial media hesabında paylaşıb. Kalın mesajında “Bu, Fransadakı PKK-dır. Suriyada dəstəklədiyiniz terror təşkilatı. Eyni PKK son 40 ildə minlərlə türkü, kürdü və təhlükəsizlik qüvvələrini qətlə yetirib. İndi Parisin küçələrini yandırırlar. Hələ də susacaqsan?” soruşdu.
Nərgiz,
Sitat.info