Ukrayna səmasında uçuşların qadağan edildiyi zona yaradılması ABŞ ilə Rusiya arasında hərbi toqquşmaya səbəb ola bilər.
SİTAT.İNFO AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ müdafiə naziri Llyod Ostin bu fikri NBC teleşirkətinə verdiyi müsahibədə söyləyib. Onun sözlərinə görə, Prezident Bayden açıq-aşkar bildirib ki, Amerika qoşunları Ukraynada Rusiya ilə vuruşmayacaq, uçuşsuz zonanın saxlanması isə Rusiya təyyarələri ilə təmasda olmağı tələb edərdi. Bundan əvvəl Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak təsdiqləyib ki, Ukrayna səmasının bağlanması eskalasiyaya və Rusiya ilə NATO arasında birbaşa qarşıdurmaya gətirib çıxara bilər.
Ukrayna Prezidenti Volodimir Zelenski martın 1-də AFR Kansleri Olaf Şolts ilə söhbətində Ukrayna səmasının bağlanmasının zəruri olduğunu bildirib. Zelenski bu fikrini onunla izah edib ki, ukraynalı hərbçilər yerdə Rusiya silahlı qüvvələrinə qarşı davam gətirə bilərlər. Britaniyanın Baş naziri Boris Conson elə həmin gün qeyd edib ki, NATO Ukrayna səmasında uçuşsuz zonanı təmin edə bilməyəcək, çünki bu, Rusiya ilə birbaşa qarşıdurmaya və nəticənin nəzarətdən çıxmasına səbəb ola bilər.
NATO-nun Baş katibi Yens Stoltenberq də bu liderlərin fikri ilə razılaşır. Onun sözlərinə görə, hərbi blokun üzvləri olan ölkələr Ukrayna səmasında uçuşsuz zona tətbiq etmək niyyətində deyildilər. Pentaqon da elan edib ki, Rusiya Prezidenti Vladimir Putinin öz nüvə qüvvələrini döyüş hazırlığı vəziyyətinə gətirmək barədə yaxın günlərdə qəbul etdiyi qərarla əlaqədar yarana biləcək anlaşılmazlıqdan çəkinmək üçün nüvə raketinin bu həftə üçün planlaşdırılmış sınağı təxirə salınır.
Pentaqonun mətbuat katibi Con Kirbi bəyan edib ki, qitələrarası ballistik raketin sınağının təxirə salınması barədə qərar müdafiə naziri Llyod Ostin tərəfindən qəbul edilib. Kirbinin sözlərinə görə, ABŞ istərdi ki, Moskva bunu düzgün anlasın, bu halda Ukrayna ətrafında böhranın “temperaturu” bir qədər aşağı düşərdi.