Nizami rayonunda dəyirmi masa keçirilib

09:25 20 Yanvar 2023

Nizami Rayon İcra Hakimiyyətində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.

“Qafqazinfo” xəbər verir ki, dəyirmi masada Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, şəhid ailələri, rayon ağsaqqalları və gəncləri iştirak ediblər.

İlk öncə ulu öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masada giriş sözü ilə çıxış edən Coşqun Cəbrayılov 1990-cı ilin 20 yanvar hadisələrinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib. Bu qanlı cinayətə ilk rəsmi etirazını bildirən ümummilli lider Heydər Əliyevin olduğunu, onun Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid etdiyini, hərbi təcavüz və cinayət olduğunu bildirdiyini diqqətə çatdırıb. 20 Yanvar hadisələrinin əsl həqiqətlərinin 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dünya ictimaiyyətinə çatdırıldığını və faciəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildiyini bildirib. 

Dəyirmi masada bu il 20 Yanvar hadisələrinin 33-cü ildönümünün qeyd edildiyi, igid övladların fədakarlığının xatırlandığı, onların əziz xatirəsinin böyük ehtiramla yad edildiyi, Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanının xalqımız üçün müqəddəs bir and yeri olduğu diqqətə çatdırılıb və milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillər üçün də bir qürur mənbəyi olacağı vurğulanıb.

 

 

 



Xəbər xətti