Dünya çempionu təhsil nazirinə təşəkkür etdi

18:01 27 Yanvar 2023

"Bu il yanvarın 9-da 17 illik sahmat üzrə müəllim -məşqçi fəaliyyətimdən sonra Elm və Təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmri ilə Qax Uşaq Gənclər İdman-Şahmat məktəbinə direktor təyin edildim. İlk növbədə mənə göstərdiyi yüksək etimada görə Elm və Təhsil naziri cənab Emin Əmrullayevə dərin təşəkkürümü bildirirəm. Bu vəzifəyə təyinatımda Gənclər və İdman naziri cənab Fərid Qayıbov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov da mənə xüsusi dəstək verdilər".

Sitat.info xəbər verir ki,  qızlar arasında dünya və Avropa çempionu, FİDE ustası, Qax rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Pərvanə İsmayılova yeni vəzifəyə təyinat alması ilə bağlı təhsil nazirinə təşəkkür edərkən bu sözləri deyib. 

O, etimadı doğruldacağına söz verib: "Mənə etimad göstərən rəhbər şəxslərin, məktəb kollektivinin və ictimaiyyətin qarşısında söz verirəm ki, bu yüksək etimadı doğrultmaq, Qax UGİŞM-nin müsbət ənənələrini bərpa etmək üçün əlimdən gələni edəcəm. İnanıram ki, məktəb kollektivi də bu sahədə mənə yaxından kömək edəcək. Fəaliyyətimdə ədalətli olacağıma, hər bir müəllimin uğurla çalışması və ölkə idmanına töhfə verməsi üçün ən münbit şərait yaradacağıma, uğur əldə edən müəllim və şagirdlərin layiqincə dəstəkləyəcəyimə, ayrı seçkiliyin olmayacağına, subordinasiyanın tam təmin ediləcəyinə və yüksək intizamın təmin ediləcəyinə kimsənin şübhəsi olmasın".

 Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti