Avropa İttifaqı (Aİ) rəhbərliyi mart ayının əvvəlində Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə zəlzələdən zərər çəkən Türkiyə və Suriyaya kömək məqsədilə donor konfransı təşkil edəcəklərini açıqlayıb.
Aİ komissiyasından verilən açıqlamada, Komissiyanın sədri Ursula von der Leyen və Aİ-nin müddətli prezidenti, İsveçin baş naziri Ulf Kristerssonun Türkiyə rəsmilərinin koordinasiyası ilə belə bir konfrans təşkil etmək istədikləri bildirilib.
Açıqlamada məqsədin Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə beynəlxalq ictimaiyyətin maliyyə yardımını səfərbər etmək olduğu və konfransın martın əvvəlində Brüsseldə keçirilməsinin planlaşdırıldığı bildirilib.
Bildirilib ki, yüksək səviyyəli konfrans Aİ ölkələri ilə yanaşı, qonşu ölkələr, BMT üzvləri, beynəlxalq maliyyə institutları və digər qurumlar üçün açıq olacaq və konfransa Aİ Komissiyasının qonşuluq və genişlənmə məsələləri üzrə məsul üzvü Oliver Varheli və İsveçin Beynəlxalq İnkişaf, Əməkdaşlıq və Ticarət naziri Yohan Forssel sədrlik edəcəklər.
Bəyanatda fikirlərinə yer verilən Aİ Komissiyasının sədri fon der Leyen, zəlzələlərin dağıdıcı təsirindən sarsıldıqlarını və hazırda prioritetin zamana qarşı yarışaraq dağıntılar altından mümkün qədər çox insanın həyatını xilas etmək olduğunu bildirib.
Məğrur
Sitat.info