Azərbaycanlı mütəxəssis qabaqcıl görüntüləmə aparatı ilə 14 nəfəri dağıntılar altından xilas etdi

15:06 16 Fevral 2023

Kahramanmaraşda axtarış-xilasetmə işlərinə dəstək olmaq üçün Türkiyəyə gedən Ceyhun Xəlilov təkmil dağıntı altında görüntüləmə cihazı ilə 14 nəfərin xilas edilməsinə dəstək verib.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, zəlzələlərdən sonra Kahramanmaraşda axtarış-xilasetmə işlərinə qatılan Ceyhun Xəlilov zəlzələ xəbərini eşidən kimi Türkiyəyə getmək üçün Bakıdakı qurumlara müraciət etdiyini bildirib.

Ukraynada Milli Müdafiə Universitetini bitirdiyini və Türkiyədə dağıntı altı görüntüləmə sistemləri üzrə təhsil aldığını qeyd edən Xəlilov zəlzələ bölgəsinə təyinat ərizəsində tez nəticə ala bilmədikdən sonra öz imkanları ilə yola çıxdığını açıqlayıb.

Uçuşların ləğvi ilə əlaqədar bir gecə hava limanında yatdığını və ilk tapdığı təyyarə ilə Ankaraya gəldiyini bildirən Xəlilov, Beşir Dərnəyinin Axtarış-Xilasetmə qrupu ilə Kahramanmaraşda təyinat aldığını və fevralın 8-də oraya quru yolu ilə çatdığını bildirib.

O, istifadə etdiyi dağıntı altı görüntüləmə cihazının qabaqcıl xüsusiyyətlərə malik olduğunu bəyan edib. 2 kamera və akustik səs yazıcıdan ibarət sistemin dağıntılar altındakı vəziyyəti göstərə bildiyini və dağıntılar altında olanlarla qarşılıqlı əlaqə imkanı təqdim etdiyini qeyd edib.

Dağıntılar arasına ilk daxil olduğunu, yaxın nöqtələr üçün endoskopik kamera, dərinliklər üçün giga kamera ilə görüntülər çəkdiyini izah edən Xəlilov bildirib ki, əlaqə saxlaya bildiyi halda dağıntının altında olan insanlardan yanlarında başqa kimsə olub-olmadığını soruşub. Dağıntılardakı tapıntılarını AFAD və axtarış-xilasetmə qrupları ilə bölüşdüyünü bildirən Xəlilov ilk olaraq fevralın 9-da 17 yaşlı qızın qəzadan xilas edilməsində fəal rol oynadığını bildirib.

Xidmət etdiyi qruplarla uğurlu koordinasiya əldə etdiklərini deyən Xəlilov 14 nəfərin dağıntılar altından xilas edilməsində əməyi olduğunu açıqlayıb.

O, dağıntı altında hələ də yaşayan başqa birilərini tapmaq ümidi ilə yatmadan çalışdığını vurğulayıb.

"Türkiyənin kədəri kədərimiz, sevinci isə sevincimizdir. Çox təəssüf edirəm, səbr diləyirəm. Əlimizdən gələni edirik, yanınızdayıq, biz sona qədər buradayıq”.



Xəbər xətti