Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, İrəvan və Bakı arasında barışıq Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanan üçtərəfli sazişlər komplekslərinə əsaslanır. Onun sözlərinə görə, İrəvan və Bakı arasında vasitəçilik səylərinin təkrarlanmasına və rəqabətinə yol verməmək lazımdır.
XİN başçısının müavini xatırladıb ki, Moskva Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəkləyə biləcək istənilən təşəbbüsləri alqışlayır.
Məlum olduğu kimi, Cənubi Qafqazda Rusiya və Qərb arasında mübarizə gedir. Bu mübarizə indi özünü daha çox Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlarda göstərir. Tərəflər münasibətlərin normallaşmasına "töhfə verməklə" regiondakı mövcudluqlarını gücləndirmək istəyirlər. Vətən müharibəsindən əvvəlki dövrdən fərqli olaraq bu gün həm Moskva, həm də Qərb rəsmi Bakının maraqları ilə hesablaşır. Onlar başa düşürlər ki, sülh Azərbaycanın prioritetidir. Ona görə də məhz "bu kartdan" istifadə etməyə çalışırlar. Amma, şübhəsiz ki, Rusiya və Qərbi maraqlandıran sülh yox, regiondakı maraqlarıdır.
Rusiya rəsmilərinin üçtərəfli razılıqları tez- tez xatırlatmaları təsadüfi deyil. Çünki həmin sənədlər Qərblə mübarizədə Rusiyanın əlini gücləndirən əsas faktordur. Həm də Moskva bu yolla moderatorluq rolunun öhdəsindən gəldiyini göstərməyə çalışır. Nazir müavininin sözügedən açıqlaması məhz Rusiyanın regional sabitlikdəki rolunu göstərməyə hesablanıb. Xüsusilə nəzərə almaq lazımdır ki, Moskva beynəlxalq aləmdəki imicini itirir. Belə bir vaxtda vasitəçilik rolu ilə çıxış etmək Kreml üçün daha vacibdir.
Qaluzinin fikrincə, İrəvan və Bakı arasında bundan sonra əldə olunacaq bütün razılıqlar və sülh istiqamətində atılan bütün addımlar üçtərəfli razılıqlara əsaslanmalıdır. Əlbəttə, bu, absurddur. Rəsmi Bakı bütün addımlarını ancaq öz maraqları kontekstində atır və atacaq. Biz öz maraqlarımızın təmin olunması üçün lazım gələndə Rusiya, lazım gələndə Avropa İttifaqı, lazım gələndə ABŞ - la əməkdaşlıq edirik. Və tarixi təcrübə göstərir ki, bu, uğurlu strategiyadır.
Nazir müavini "vasitəçilik səylərinin təkrarlanmasına və rəqabətinə yol verməmək lazımdır" fikri ilə, əlbəttə, vasitəçilik missiyasında rəqib hesab etdiyi tərəflərə işarə vurur. Ukraynadakı müharibə Rusiya ilə Qərb arasındakı gərginliyi daha da artırıb. Bu isə o deməkdir ki, Rusiyanın Cənubi Qafqaz məsələsində Qərbə güzəştə getmək fikri yoxdur. Moskvanın iddiasına görə, bölgədə sülhün əldə olunmasına mane olan məhz Qərbin səyləridir.
Qaluzinin Rusiyanın regiondakı sülh naminə istənilən vasitəçilik səylərini dəstəklədiyinə dair fikri isə, sözsüz ki, qeyri- səmimidir. Rusiya heç vaxt istəməz ki, başqa bir güc regionda möhkəmlənsin.
Beləliklə, nazir müavini dünənki açıqlaması ilə Rusiyanın Cənubi Qafqazla bağlı mövqeyini hbir daha ortaya qoyub. Azərbaycan Rusiyanın səylərindən öz xeyrinə istifadə etməli, amma diqqətli olmalı, bu dövlətin tamamilə situasiyanı nəzarət altına almasına imkan verməməlidir.
Siyasi şərhçi Kənan Novruzov
Xüsusi olaraq Sitat.info üçün