"Bahalaşmanın əsas səbəbi dünyada gedən proseslə bağlıdır. Bütün dünyada bahalaşma gedir, Türkiyənin özündə vəziyyət olduqca ağırdır. Rusiya və Avropa ölkələrində də eyni vəziyyətdir. Ona görə də, biz qiymətlərin qalxmasından daha çox, vətəndaşların sosial təminatının artırılması məsələsinə baxmalıyıq". Bu sözləri Azərbaycan Demokrat partiyasının sədri Sərdar Cəlaloğlu "Sitat.info"ya açıqlamasında səsləndirib.
O bildirib ki, Azərbaycanda ötən il, orta aylıq əmək haqqı 2,9 faiz artıb, amma eyni dövr üçün b u göstərici Ukraynada 20 faiz, Rusiyada 9 faizdən çox, Ermənistanda 7 faiz olub: " Biz hökumətdən tələb etməliyik ki, vətəndaşların gəlirlərini artırsın. Bir çox hallarda qiymətlərin artması hökumətdən birbaşa asılı deyil. Dünya bazarında baş verən proseslərə görə, hökumət istəsə də qiymətləri sabit saxlaya bilmir. Ancaq əmək haqqının artırılması, aztəminatlı ailələrin sosial müdafiəyə alınması ilə bağlı daha ciddi addımlar ata bilər. Hökumətin ən böyük səhvi odur ki, qiymət artımına ekvivalent əmək haqqı artımı həyata keçirmir. Minimum əmək haqqı artımını, istehlak zənbilinin həcmini buna uyğun artırmır. Bu da vətəndaşların yoxsullaşmasına gətirib çıxarır".
S. Cəlaloğlu onu da vurğuladı ki, ölkədaxili səbəblərdən qaynaqlanan qiymət artımları da var: "Bunun da səbəbi monopoliyadır, rüşvətxorluq və korrupsiyadır. O cümlədən daxili bazarı təmin edən məhsul istehsalının təşkil edilməməsidir. Həm aqrar sektorda bununla bağlı ciddi problem var, həm də sənaye sektorunda".