ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, bu dövlət Ermənistan və Azərbaycan arasında problemin həllinə dəstək verməyə hazırdır. O bildirib ki, son günlər Qarabağda durum gərginləşib və ABŞ problemin həlli üçün əlindən gələni edir.
Rəsmi Vaşinqton əvvəllər də oxşar məzmunlu bəyanatlarla çıxış edib.
Ümumiyyətlə, Cənubi Qafqazda Qərb və Rusiya arasında mübarizə gedir. Məlum olduğu kimi kimi, Qərbin əsas leytmotivi ABŞ-dır. Odur ki, Ağ evin fəallığı təəccüblü olmamalıdır.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan regionda yeni reallıqlar yaratdı. Bu gün rəsmi Bakı bölgənin əsas siyasi aktorudur. Bu isə o deməkdir ki, bu və ya başqa formada regionda mövcud olmaq istəyən güclər maraqlarımızı nəzərə almalı, Azərbaycanla hesablaşmalıdırlar.
Son zamanlar Qarabağda baş verən gərginlik Rusiya və Qərbin fəallıqları üçün fürsət yaradıb.
Əlbəttə, ABŞ və Rusiyanın açıqlamalarına ancaq həmin dövlətlərin öz maraqları kontekstindən yanaşmaq lazımdır. Hər iki tərəfi düşündürən ancaq yalnız onların regiondakı mövcudluğudur. Əks halda otuz il müddətində, hələ Minsk Qrupunun fəaliyyəti dövründə münaqişənin həlli istiqamətində əməli addımlar atardılar.
Vaşinqtondan verilən digər açıqlamalar kimi, Ned Praysın bu dəfəki bəyanatından da ciddi nəticə gözləməyə dəyməz. ABŞ yalnız sülh müqaviləsinin imzalanması üçün Ermənistana təzyiq göstərəcəyi halda regional sabitliklə bağlı səmimiliyini ortaya qoya bilər. Tərəfləri dialoqa çağırmaq artıq "işlənmiş kartdır".
Əvvəllər də dediyimiz kimi, indi rəsmi Bakı Moskva ilə Vaşinqton arasındakı gərginlikdən istifadə edərək öz maraqlarının təmin olunmasına çalışmalıdır. İki böyük güc arasındakı mübarizə yeni imkanlar yaradır. Biz bu fürsətlərdən istifadə etməliyik.
Siyasi şərhçi Kənan Novruzov,
Xüsusi olaraq Sitat.info üçün