BNA-dan reaksiya: "Sürücü orada yoxdursa, avtomobil təxliyə olunur"

17:41 25 Yanvar 2022

Bu gün Sitat.info saytında “Mağazaya girib-çıxdı, avtomobili yoxa çıxdı: BNA maşını belə "qaçırtdı" başlıqlı materialda yer alan iddialara Bakı Nəqliyyat Agentliyindən rəsmi mövqe bildirilib.

BNA sözçüsü Mais Ağayev Sitat.info-ya bildirib ki, bu küçə parklanmanın qadağan olduğu yerdir və nəliyyatın hərəkətinə maneə yarandığı üçün maşın oradan götürülüb: “Əgər avtomobil qadağan olunmuş yerdə saxlanılıbsa, bu qayda pozuntusu orada nəqliyyatın ümumi axınına maneə yaradırsa, sürücü həmin yerdə yoxdursa, o zaman avtomobil təxliyə olunur. Əgər sürücü orada olsaydı, cərimə tətbiq olunsa da, avtomobil təxliyə olunmayacaqdı.

Burada küçələr dar olunduğundan avtomobil həqiqətən də hərəkətə mane olur. Əməkdaşların tələsik maşını götürməsinə gəlincə, onlar öz xidməti vəzifələrini yerinə yetiriblər”.

Sitat.info əməkdaşının "Bəs vətəndaş avtomobilinin haraya yoxa çıxdığını necə bilməlidir?" sualına isə Mais Ağayev belə cavab verdi : "Yaxşı olardı ki, vətəndaş ümumiyyətlə qayda pozmasın. Çünki qayda pozuntusu da narazılıq yaradır. Vətəndaşlardan mediaya məlumat gedir ki, qayda pozulur, BNA niyə baxmır?".

BNA sözçüsünün sözlərinə görə, avtomobil cərimə meydançasına aparılır. Vətəndaş orada həm təxliyə üçün xidmət haqqı ödəyir, həm də qayda pozuntusuna görə cərimə ödəyir. Bütün bu ödənişlər rəsmi qaydada həyata keçirilir.

Sitat.info



Xəbər xətti