Nadir quşları ovlayan ərəb cərimələndi - Nazirlikdən reaksiya

17:53 25 Yanvar 2022

Bir neçə gün öncə Sitat.info-da ərəblərin qanunsuz ov edib, Azərbaycanda nadir quşlar ovladığı ilə bağlı material dərc etmişdik. Artıq neçəci dəfədir ki, mətbuatda Körfəz ölkələrindən gələn turistlərin qanunsuz ov etməsi ilə bağlı məlumatlar yer alır. Cəmiyyəti narahat edən əsas məsələ qanunsuz ovlara qarşı mübarizə aparılması, həmin şəxslərin məsuliyyətə cəlb edilməsi idi. 

Bu gün məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən açıqlama verilib. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Sitat.info"-ya açıqlamasında bildirib ki, ov qaydalarını pozan xarici ölkə vətəndaşı cəzalandırılıb: "Xarici turistlərin qanunsuz ov etməsi ilə bağlı sosial şəbəkədə yayılan foto və video görüntülər əsasında aparılan araşdırma başa çatıb. Araşdırma zamanı ovun Qətər vətəndaşı Nayef EID M.T.AL-THANI tərəfindən ona icazə verilən ovçuluq təsərrüfatının ərazisində deyil, kənarda, Hacıqabul rayonunun Padarçöl ərazisində baş verdiyi, bəzgək və digər çöl quşlarının ovlandığı müəyyən edilib. 

“Faktla bağlı qanun pozucusu barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2 950 manat məbləğində cərimə tətbiq olunub”.

Xidmət rəisi onu da qeyd edib ki, Azərbaycan Respublikası ərazisində 2021-2022-ci illər üzrə ov mövsümü ərzində ov qaydalarını pozan 37 xarici vətəndaş əməkdaşlarımız tərəfindən cərimələnib.



Xəbər xətti