Bakıda qanunsuz tikilən piyada keçidi başqa yerdə quraşdırılacaq - VİDEO - YENİLƏNİB

14:56 27 Mart 2023

Sözügedən yerüstü piyada keçidi sökülərək zəruri olan başqa ərazidə quraşdırılacaq.

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib:

"Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində işıqforla tənzimlənən piyada zolağı yaradıldığı üçün yerüstü piyada keçidinin inşası məqsədəuyğun hesab edilməyib".

***14:13

Bakının Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində tikilən və hazırda sökülən keçidi sifariş edən qurum məlum olub.

Sitat.info oxu.az-a istinadən xəbər verir ki, keçid Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sifariş edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakının Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerüstü piyada keçidinin söküntüsünə dair yayılan görüntülərə münasibət bildirilib.

Qurumdan qeyd edilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində yerləşən yerüstü piyada keçidinin inşası məqsədəuyğun hesab edilməyib:

“Keçidin sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılması üçün müvafiq tədbirlərin görülməsi barədə komitə tərəfindən bir neçə dəfə aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb və tikinti-quraşdırma işləri dayandırılıb. Hazırda keçid sökülür. Görülən işlər tikintiyə icazə alınmadan, şəhərin müvafiq ərazisinin memarlıq, estetik görünüşünə xələl gətirməklə, təhlükəsizliyə, eləcə də qanunvericiliyin digər tələblərinə riayət etmədən həyata keçirilib”.

Qeyd edək ki, sözügedən ünvanda tikilən keçid sökülür.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, artıq tikilinin bir hissəsi dağıdılıb.

Qeyd edək ki, ərazidə tənzimlənən piyada keçidi var.

Həmçinin bu keçidin tikilməsi üçün Şəhərsalma və Arxitektura Komitəsindən rəsmi icazə, eləcə də Bakı Nəqliyyat Agentliyindən razılıq verilməyib.

Sözügedən keçid ərazidəki səkiləri xeyli daraldır və şəhərdə hərəkət üçün narahatlıq yaradırdı.



Xəbər xətti