Aprelin 18-də Şəki Şəhər İcra Hakimiyyəti ilə Şəki 1 saylı Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə "Ağ Qaya" restoranında şəhid ailələri üçün iftar süfrəsi təşkil olunub.
“Sitat.info” xəbər verir ki, iftar mərasimində şəhər rəhbərliyi, Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki 1 saylı Mediasiya Təşkilatının nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd ediblər, şəhid ailələrinin üzvlərini qarşıdan gələn bayram münasibətilə təbrik ediblər.
Bildirilib ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlətimizin siyasətinin vacib istiqamətlərindən biridir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. Ordumuzun və xalqımızın sarsılmaz birliyi sayəsində tariximizə parlaq qəhrəmanlıq səhifəsi yazıldı. Şəhidlərimizin qanı yerdə qalmadı, uğrunda döyüşdükləri Qarabağ torpaqları işğaldan azad olundu. Bu gün şəhidlər bizim həm kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir.






