Şəkidə qəzaya düşən qohumuna köməyə gedən şəxs qəzaya düşərək ölüb.
“Sitat.info”nun məlumatıan görə, hadisə Şəkidə baş verib. Belə ki, rayon sakini Telman İsaqov Çələbixan qəsəbəsində “VAZ-21099” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə sürücü və sərnişini Elçin İbrahimxəlilov müxtəlif dərəcəli bədən xasərətləri alıblar.
Hadisəni eşidən T.İsaqovun qaynı Vüqar Mülayimov yeznəsinin arxasıyca getmək qərarına gəlib. 1982-ci il təvəllüdlü V.Mülayimov qəza yerinə gedərkən “Opel” markalı avtomobillə rayon ərazisində idarəetməni itirib. Maşın yolun kənarındakı ağaca dəyərək aşıb. Sürücü hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov “Qafqazinfo”ya bildirib ki, bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri ilə əlaqədar araşdırma aparılır.