Rusiya Krımı itirsə, nə baş verəcək?

13:32 1 May 2023

Qış fəslinin girməsi ilə Rusiya və Ukrayna öz mövqelərini qorumağa, itirdikləri güclərini yenidən bərpa etməyə, genişmiqyaslı hücuma hazırlaşmağa başladılar. Rusiya Dnepr çayının şərqinə və cənubuna çəkildi, Ukrayna isə Qərbdən silah tədarükünü artırdı.

Bu sözləri Axar.az-a Rusiyanın gecə boyunca demək olar ki, bütün Ukrayna ərazisinə etdiyi hava hücumunun səbəb və nəticələri haqqında danışan Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik ekspert Əli Fuad Gökçə deyib.

Gökçə qarşıda gözlənilən bahar döyüşlərinin müharibənin taleyində həlledici olacağını vurğulayıb:

“Son bir neçə ay ərzində qarşılıqlı səfərlər oldu və rəsmi Kiyev NATO ölkələrindən xeyli miqdarda silah-sursat, hərbi texnika, qırıcı və helikopter aldı. Ukrayna Krımın işğaldan azad olunması üçün ciddi hazırlıq içindədir. Ona görə də Rusiya üçün ən önəmli məsələ Krımı saxlamaqdır. Çünki əgər Krım itirilsə, bu, müharibənin və Rusiyanın taleyini həll edəcək. Yəni Rusiya girdiyi bütün bölgələrdən çıxarılacaq. Moskva sözügedən hazırlığa mane olmaq və mümkün həmlələri boşa çıxarmaq məqsədilə bütün gecə boyunca ağır bombardmançı təyyarələr ilə Ukraynaya hücum etdi. Müharibə daha da şiddətlənəcək. Nəticədə bu taxıl dəhlizi məsələsinə də öz mənfi təsirini göstərə bilər. Qərbin məsələyə reaksiyası Ukraynanın cavab kimi Rusiya ərazisinə hücum edib-etməyəcəyini müəyyənləşdirəcək”.



Xəbər xətti