Təxribatlara hazırlıqlı olaq! - SENSASİON XƏBƏRDARLIQ

15:05 1 May 2023

"Bu gün Bakı vaxtı ilə saat 17:00-da Azərbaycan və Ermənistan XİN rəhbərləri Vaşinqtonda görüşəcək. Blinkenin iştirakı ilə üçtərəfli görüşün isə Bakı vaxtı ilə saat 17:45-də başlaması planlaşdırılır. Azərbaycan-Ermənistan sülh danışıqlarında deyəsən beynəlxalq oyunçular hərəkətə keçmək qərarı verib. Bəzi insayd məlumatlara görə, danışıqlar bir neçə gün davam edə bilər. Bu, artıq prosesin ciddi xarakterindən xəbər verir".

Sitat.İnfo  Musavat.com-a istinadən xəbər verir ki, bunu politoloq İlyas Hüseynov qeyd edib. 

ilyas.jpg (91 KB)

Politoloqun sözlərinə görə, burada əsas məsələ ondan ibarətdir ki, sülh müqaviləsinin yol xəritəsində hər nöqtəyə, hər vergülə, hətta hər nidaya ciddi diqqət yetirilsin:

"Ötən dövr ərzində qarşı tərəfin neçə söz oyununa getdiyinin, bəyanatları öz bildikləri kimi necə interpretasiya etdiyinin şahidi olmuşuq. Vaşinqton çalışır ki, Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşə qədər bütün məsələlərin razılaşdırılmasına nail olsun və Moskvanın təşəbbüsü ilə keçirilən görüşü əhəmiyyətsiz etsin. Ötən il Praqadan sonra Soçidə imzalanan sənədlərin mahiyyəti dediklərimizi təsdiq edir. Artıq Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün anonsu verilib. Moskva da prosesləri diqqətlə izləyir və danışıqlar bir neçə gün davam edərsə, o zaman istisna olunmur ki, zəmin üzərində təxribatlar da baş verə bilər. Buna da hazırlıqlı olmaq lazımdır.

Həmçinin ötən həftəsonu İrəvanda olan Fransa XİN başçısı Ketrin Kolonna bildirib ki, Azərbaycan və Ermənistan rəhbərləri iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində bir araya gələ bilərlər. Görünən budur ki, Kişinyov görüşünə qədər Vaşinqton maksimum dərəcədə tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışacaq. ABŞ-ın diplomatik fəallığı fonunda sülh müqaviləsinin imzalanacağı iddiası güclənir. Vasitəçilərdən asılı olmayaraq bizim sülh gündəliyimiz dəyişməz qalır".



Xəbər xətti