“Yuxarıda büdcə oğurlanırsa, mən niyə aşağıda kiçik bir şey oğurlamayım” - Deputat danışdı

14:09 26 Yanvar 2022

Son günlər mediada yer alan xəbərlər sırasında oğurluq halları ilə bağlı  hadisələr xüsusi yer alır. Təsadüfi deyil ki, uzun müddətdir ekspertlər gəlirlərin azalması, əhalinin yoxsullaşması və bazarlarda gedən bahalaşma fonunda kriminal hadisələrin artacağını proqnoz edirdilər.

Mövzu ilə bağlı “Sitat.info”-ya danışan deputat Fazil Mustafa bildirdi ki, həqiqətən də oğurluq hadisələrinin sayının müəyyən dərəcədə artması sosial şərtlərlə bağlıdır: “İnsanların yaşam səviyyəsi aşağı düşəndə hər kəs mümkün olan yerdən nə isə oğurlayıb öz həyatını qurmaq istəyir. Təbii ki, burada peşəkar oğrular, bu işi özünə sənət seçmiş insanlar istisna olmaqla, digər insanların bu addımı  atmasında alternativ çıxış yolunun olmaması da təsir göstərir. Belə bir vəziyyətdə bunun bir sosial problem kimi həllini düşünmək lazımdır”.

F.Mustafa vurğuladı ki, bunun üçün məşğulluq səviyyəsi, yəni gerçək məşğulluq səviyyəsi artmalıdır: “Statistikanın bütün yalan göstəricilərinə diqqət yetirməliyik ki, doğru təhlil etmək mümkün olsun.  Bilməliyik ki, kriminal vəziyyətlə bağlı hansı problemlər var. Bu göz önündə dəqiq müəyyənləşməlidir”.

Deputatın sözlərinə görə, sosial baxımdan əhalinin qeydiyyatı da aparılmalı, sosial tədqiqatlar keçirilməlidir: “Digər tərəfdən qeydiyyatsızlaşma prosesi gedir. Azərbaycanda insan qeydiyyatı sıfır vəziyyətindədir. Təbii ki, hüquq-muhafizə orqanlarında hər bir şəxsin identifikasiyası ilə bağlı müəyyən bilgilər var. Amma bütövlükdə sosial qeydiyyat məsələsi problemdir. İnsanlar gecəqondu mühitində necə yaşayır, nə qədər uşaq məktəbə gedir, nə qədəri getmir, nə qədər uşaq narkomaniyaya yoluxub? Nə qədər yeniyetmə qızlar qeyri-qanuni münasibətlərdən uşaqlar dünyaya gətiriblər, nə qədər oğlanlar kriminal aləmin təsiri altındadır? Ailələrdə şiddət nə səviyyədədir? Qadına şiddət, ailə gəlirləri aşağı olduğu üçün azyaşlı uşaqların işləməsi və sair bütün bu hallar çox ciddi problemlərdir, araşdırılması vacib olan məsələlərdir. Əgər bunlar olarsa, biz daha tez bunun çözüm yollarını tapa bilərik. Amma cəmiyyətdə ilk növbədə rifahı qaldırmaq lazımdır ki, insanın başqasından oğurluq etməsi üçün əsas olmasın. Çünki xırda oğurluqların bir qismi bir çox hallarda ehtiyacdan yaranır”.

Fazil Mustafa hesab edir ki, məmurların iri oğurluqları sadə insanların da kiçik oğurluqlar üçün özünü haqlı görməsinə gətirib  çıxarır: “İndi büdcə oğurluğu, başqa oğurluqlar korrupsiya elementləridir. Bu da öz təısirini göstərir. İnsanlar düşünür ki, yuxarıda büdcə oğurlanırsa, mən niyə aşağıda kiçik bir şey oğurlamayım. O da başlayır müəssəsinə aid kiçik bir oğurluq etməyə. Bu hallar acınacaqlıdır, ilk növbədə sosioloji tədqiqatı aparılmalı, sonra həlli yolu tapılmalıdır”.

Sitat.info



Xəbər xətti