Müsəlman ölkə erməniləri silahlandırır

09:31 16 Mart 2022

Üzeyir Cəfərov: “Türkiyə silah bazarında Rusiyanı əvəz edə bilər”

 

Azərbaycan 2017-2021-ci illərdə silah idxalına görə dünyada 37-ci yeri tutub və silahı əsasən İsraildən (61%), Rusiyadan (22%) və Belarusdan (6,6%) alıb. Bu barədə Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) martın 14-də açıqladığı beynəlxalq silah transferləri haqda hesabatında deyilir.

 

Hesabata görə, 2012-2016-cı illərlə müqayisədə 2017-2021-ci illərdə beynəlxalq silah ticarətində cüzi azalma (-4.6 faiz) qeydə alınıb. Dünyada silah ixracatında birinci yeri ABŞ tutur, ümumi tədarük həcminin 39%-i bu ölkənin payına düşür. 2012-2016-cı illərlə müqayisədə ABŞ ixracatı 14 faiz, dünya bazarının xüsusi çəkisində öz payını isə 7% (32% idi) artırıb. Amerikadan silah ixracının 43 faizi Yaxın Şərqə gedir. Silah ixracında ikinci yerdə Rusiya Federasiyası gəlir. Dünyada silah ixracının 19 faizi Rusiyaya məxsusdur. Amma bu ölkənin silah ixracı 2012-2016-cı illərlə müqayisədə 2017-2021-ci illərdə 26 faiz azalıb. Bu, əsasən iki ölkəyə - Hindistan və Vyetnama silah göndərişinin azalması ilə əlaqədardır. Amma növbəti illərdə Rusiyadan Hindistana böyük silah göndərişləri gözlənilir. Fransa 11 faizlə dünyada silah ixracına görə üçüncü yerdədir. 2012-2016 və 2017-2021-ci illər arası Fransa silah ixracını 59 faiz artırıb. Çin silah ixracına görə dördüncü, Almaniya isə beşinci yerdədir. Çindən silah ixracı 31, Almaniyadan isə 19 faiz azalıb. Ermənistan isə Hindistan və İordaniyadan ən fəal silah idxalçılarından birinə çevrilib. Hesabatda qeyd olunur ki, 2017-2021-ci illər ərzində Hindistanın silah ixracında Ermənistanın payı 13 faiz təşkil edib. Beləliklə də, İrəvan Hindistandan silah idxalı həcminə görə üçüncü ölkə olub. Eyni zamanda Ermənistanın İordaniyadan silah ixracatında payı 10 faiz təşkil edib. Bu göstərici ilə Ermənistan İordaniyadan da silah idxalı həcminə görə üçüncü ölkə olub. Ermənistanı silahlandıranlar arasında müsəlman İordaniyanın olması diqqət çəkir. Azərbaycanın silah bazarında ikinci ən böyük tərəfdaşı Rusiyadır ki, tətbiq edilən sanksiyalar silah sənayesini də “vura bilər”.

 

Rusiya silah sənayesi zəifləyərsə, Türkiyə bazarda onu əvəz edə bilərmi? Ermənistan Hindistandan və İordaniyadan nələr alır?

 

 

 

 

Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov: “Öncəliklə ondan başlamaq istəyirəm ki, bu gün dünyada elə ölkələr var ki, onların adları müsəlmandır, amma etdikləri hərəkətlərb ümumiyyətləb müsəlmançılıqdan çox uzaqdır. Sanki dünyada baş verən hadisələri görmürlər, oxuduqları Quran deyil, terrorizmə dəstək verən xalqların dini kitablarıdır. Bu məsələdə adıçəkilən ölkəni günahlandırmaq istəmirəm. Çünki onların öz iqtisadi maraqları var. Son illər onlar əldə etdikləri pullar hesabına özlərinin hərbi sənaye kompleksini inkişaf etdiriblər və bunun davamlı olması üçün ölkələr axtarırlar. Yəni istehsal etdiklərini onlara satırlar. Belə silahların o qədər də ciddi təhlükəsi bizlərə yoxdur. Ermənistan və bu tipli ölkələr ancaq belə silahlar ala bilərlər, yəni iqtisadi və hərbi gücü olduqca zəif olanlar. Bunlar isə dördüncü nəslin silahları deyil, haradasa üçüncü nəslin ikinci yarısının silahlarıdır. Yəni bu silahların göstəriciləri, funksiyaları müasir dövrün silahlarından çox-çox geri qalır. Məsələn, Ukrayna ordusuna verilən o sonuncu raketlər 7 kilometr hündürlükdə, yaxud on kilometrlərlə arealda çox asan şəkildə hava hücumundan müdafiə sistemlərini məhv edir. Ermənistanın aldığı silahlardan ciddi uğur qazanacağını heç cür söyləmək olmaz. Azərbaycan belə silahlara maraq göstərmir. Çünki bu gün İsrail, Pakistan, qardaş Türkiyə kimi ölkələrdən müasir silahlar alır. Özünün müdafiə sənayesinin imkanları var. Birgə məhsul istehsal edir. Onun üçün də öz təhlükəsizliyimizi düşünsək, ermənilərin aldıqları silahları qarşılaya biləcək kifayət qədər sistem və avadanlıqlarımız var. Son illər təkcə İsraildən deyil, başqa-başqa ölkələrdən də silahlar almışıq. Sadəcəb adlar çəkib həmin ölkələri hədəfə gətirmək istəmirik. Yəni Azərbaycana niyə silah satırlar, yaxud avadanlıqlar verirlər kimi müzakirələrin açılması nəyə lazımdır? Ermənistan öz ordusunu tanıtmaq, bir sözləb ordu halına gətirmək üçün bu cür silah-sursatlar əldə edir. Bundan sonra Ermənistanın ordusunu formalaşdırmaq üçün hələ bir neçə il vaxt lazım olacaq. Onun üçün də bu gün aldıqları silahlardan sonra düşünmək olmaz ki, harasa hücuma keçəcəklər, yaxud hansısa ciddi bir nəticəyə nail olacaqlar. Bu proqnozlar yaxın perspektiv üçün nəzərdə tutulmur. Bu gün aldıqları silahlar rusun ”Kalaşnikov"undan, plemyotlarından və digərlərindən azad olunmasıdır. O silahlar, avadanlıqlar müasir olsalar da, taktika, texniki göstəriciləri XXI əsrin silah-sursatları ilə ayaqlaşmır".

 

Hərbi ekspert qardaş Türkiyənin silah bazarında Rusiyanı birbaşa əvəz edə biləcəyini söylədi: “Çox rahat şəkildə Türkiyə Rusiyanın yerinə keçə bilər. Çox qəribə səslənməsin. Ukrayna müharibəsi çox ölkələrə fayda gətirəcək. Faktiki Rusiya məcbur edirdi ki, onların hərbi sənaye kompeksindən istifadə edək, silah-sursat alaq. Amma son hadisələr onu göstərdi ki, sanksiyalar tətbiq olunandan sonra bizim də üstümüzdən bir yük götürüləcək. Daha potensial, geniş imkanları olan bazarlardan istifadə etmək imkanlarımız xeyli artacaq. Bu imkanlardan biri qardaş Türkiyə, elə Pakistanın özüdür. İtaliyanı da bu sırada saymaq olar. Rumıniya, Macarıstan və digər ölkələr də var. Hər il demək olar ki, Rusiyadan 3-5 milyard dəyərində silahlar alırdıq. Sanksiyalar tətbiq ediləndən sonra risk edib, o sanksiyaların təsiri altına düşməmək üçün Rusiya ilə hansısa bir müqavilə bağlanmayacaq. Bu proses sanksiyalar ləğv olunana qədər davam edəcək. Hər bir zərərli işdə bir xeyir var. Bu məsələdə də xeyir ondan ibarətdir ki, çox rahat şəkildə təhlükəsizliyimizi və müdafiəmizi gücləndirmək üçün Rusiyadan deyil, digər bazarlardan silahlar alacağıq. Bu da bizim gücümüzə kifayət qədər güc qatacaq”.

 

 



Xəbər xətti