Baş Prokurorluqda müasir Azərbaycanın xilaskarı və qurucusu, müstəqil dövlətimizin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Azərbaycan Prokurorluğunun tarixində Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.
Sitat.info xəbər verir ki, tədbir iştirakçıları Azərbaycan Prokurorluğunun tarix muzeyində Ümummilli Lider Heydər Əliyevə həsr olunan yeni guşənin açılışında iştirak ediblər.
Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Daha sonra tədbiri giriş sözü ilə açan Baş prokuror Kamran Əliyev Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və məharətli dövlətçilik təcrübəsindən bəhs edib. Onun sözlərinə görə, görkəmli dövlət xadiminin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımız ən yüksək zirvələrdə qürurla dalğalanır.
Baş prokuror qeyd edib ki, Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin, Azərbaycançılıq məfkurəsinin formalaşdırılması və möhkəmləndirilməsi, eləcə də ölkəsinin rifahı uğrunda mübarizədə meydanda olub və millətinə rəhbərlik edib. Diqqətə çatdırıb ki, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabrın 1-nin respublikamızda prokurorluq orqanları əməkdaşlarının peşə bayramı günü elan olunmasının prokurorluq orqanlarının fəaliyyətinə verilən yüksək qiymətin təcəssümü kimi dəyərləndirilir.
Tədbirdə Milli Məclis sədrinin 1-ci müavini Əli Hüseynli, Milli Məclisin deputatları Nizami Səfərov, Məlahət İbrahimqızı və Kamal Cəfərov, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev və digər şəxslər çıxış edərək dahi lider Heydər Əliyevin qətiyyətli mübarizəsi nəticəsində Azərbaycanın müstəqilliyini əldə olunmasından sonra ölkədə aparılan hərtərəfli iqtisadi, sosial, hüquqi dövlət quruculuğu və digər sahələrdəki islahatlardan, müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində ulu öndərin əvəzsiz rolundan bəhs edib.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş prokurorluq əməkdaşları və veteranları arasında keçirilmiş şahmat turnirinin qalibləri, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş dövlət orqanları arasında mini futbol turnirində iştirak etmiş prokurorluq əməkdaşları təltif olunub.
Sonda ümummilli liderin xatirəsinə həsr olunmuş “Böyük şəxsiyyət...3 ştrixdə” adlı sənədli film nümayiş etdirilib./ Report