Ölkəmizdə akkreditə olunmuş, iqamətgahı Bakıda və Ankarada yerləşən diplomatik korpusun nümayəndələri, eləcə də hərbi attaşelər müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Naxçıvan şəhərində səfərdədirlər.
Sitat.info xəbər verir ki, ümumilikdə 80-ə yaxın ölkədən və 23 təşkilatdan 140-a yaxın diplomatın və hərbi attaşenin iştirak etdiyi səfər Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsinin ziyarət olunması ilə başlayıb.
Sonra Heydər Əliyev Muzeyinə gələn qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar. Ulu Öndərin hər kəsə örnək olan çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında xarici qonaqlara ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən muzeydə Ulu Öndərin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid sənəd və materiallar, imzaladığı məktub, qərar, sərəncam və müqavilələrin surətləri nümayiş olunur. Muzeyin kitabxanasında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar, film və qəzet materialları da sərgilənir.
Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə gün ərzində Naxçıvanda silsilə tədbirlər keçiriləcək./ Publika.az