Məlum olduğu kimi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Hər birimiz üçün çox böyük əhəmiyyətə malik olan bu möhtəşəm ildə tariximizin ən böyük əfv Sərəncamına sevindik. Belə ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 801 məhkum əfv olundu. Nə qədər ailələr həmin Sərəncamdan bəhrələndi, öz doğmalarına qovuşdu. Bu, minlərlə insanın xoşbəxt olması deməkdir. Ümid edirəm ki, həmin şəxslər tezliklə cəmiyyətimizə inteqrasiya olunacaq, faydalı əməlləri ilə ölkəmizin inkişafına töhfələrini verəcəklər.
Sitat.info xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova söyləyib.
Deputat bildirib ki, əsası məhz elə Ulu Öndər tərəfindən qoyulan bu adət-ənənə Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Bu da onu göstərir ki, Prezident İlham Əliyevin bu qədər qayğıları olmasına baxmayaraq, dövlətimizin başçısı sıravi vətəndaşların hər bir sahədə problemlərini düşünür, onların yanında olmağa çalışır. Ölkə başçısı öz dəstəyini hər zaman belə humanist addımları, sosialyönümlü siyasəti, fərman və sərəncamları ilə hiss etdirir. Biz də öz növbəmizdə hər zaman Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşməli, öz sahəmizdə Vətənə layiqli xidmət etməli, ölkəmizin çiçəklənməsində pay sahibi olmalıyıq”, - deyə J.Əhmədova fikirlərinə yekun vurub.