Bu günlərdə Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında memorandum imzalanması cəmiyyətdə ciddi müzakirələrə səbəb oldu. Bir qisim memorandumun imzalanması ilə Azərbaycanın Ermənistan üzərindən Naxçıvan, oradan isə Türkiyəyə çıxacaq Zəngəzur dəhlizi ideyasından əl çəkməsi, burada Ermənistanın qalib çıxması kimi dəyərləndirdisə, digər qisim İran üzərindən Naxçıvana yol onsuz da vardı deyib memorandumun ciddi əhəmiyyət daşımadığını iddia etdi. Reallıq necədir? Azərbaycan doğrudanmı Zəngəzur dəhlizi ideyasından geri çəkilir? Doğrudanmı İranla yeni yaradılacaq kommunikasiyaların əhəmiyyəti aşağıdır? Suallara cavab vermək üçün mövcud beynəlxalq yükdaşımalarda müşahidə olunan tamam fərqli meylləri, Rusiyanın Ukraynaya təcavüzü nəticəsində formalaşmağa başlayan yeni ticarət zəncirlərinin istiqamətlərini nəzərdən keçirmək kifayətdir.
Belə ki, Rusiyaya qarşı sanksiyaların dərinləşməsi fonunda onun neft-qaz ixracının məhdudlaşdırılması perspektivi getdikcə artır. Yaxın vaxtlarda Kanada və ABŞ-ın ardınca Avropa Birliyinin bir sıra ölkələrinin də Rusiya neft-qazından imtina edəcəyi gözlənilir. Prosesin davamlı olacağı, 2022-ci ilin sonunadək Avropa Birliyi ölkələrinin əksəriyyətinin Rusiyadan neft alışını tamamilə, qaz alışını isə qismən dayandıracağı ehtimalı çox böyükdür. Artıq Avropa Birliyi bu prosesi başladıb...
Neft-qazın alınmasının dayandırılmasından əlavə, dünyanın əksər yükdaşıma şirkətləri Rusiyaya, Rusiyadan və bu ölkə üzərindən tranzit yükdaşımaları dayandırıblar. Ukraynada hərbi əməliyyatların getməsi, Belarusun da sanksiya siyahılarına daxil edilməsi yaxın və ortamüddətli dövrdə həm Rusiya, həm də Belarus üzərindən Avropaya yükdaşımaların tamamilə dayanmasını şərtləndirir. Bütün bunlar Asiyadan Avropaya Rusiya üzərindən yükdaşımalara alternativ olaraq Azərbaycanın rolunu dəfələrlə artırır. Məsələ burasındadır ki, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistandan Rusiya üzərindən Avropaya yükdaşımalarda böyük problemlər yaşanır. Bir çox şirkətlər Rusiyadan keçən heç bir yükü qəbul etmir. Bu isə Asiya ölkələrinin ticarət əlaqələrində qırılmalara gətirib çıxarır. Ortamüddətli perspektivdə Rusiya üzərində yükdaşımaların minimuma enəcəyi real perspektivdir. Buna görə də Asiya ölkələri, xüsusilə yükdaşımalarda açar ölkə olan Qazaxıstan yüklərin Azərbaycan üzərindən daşınmasını təşkil etmək üçün hərəkətə keçib.
Bir neçə gün əvvəl Qazaxıstanın hökumət nümayəndələrinin Bakıya rəsmi səfəri baş tutub. Astana Azərbaycana Qazaxıstandan Avropaya ixrac yüklərinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə istiqamətinin dəyişdirilməsini təklif edib. Bunu Qazaxıstanın “Samruk-Kazyna” Açıq Səhmdar Cəmiyyətinin sədri Almasadam Satkaliyev deyib. Artıq iki ölkə arasında daşımaların təşkili ilə məşğul olacaq birgə müəssisənin yaradılması haqqında sənədlər imzalanıb.
Qazaxıstan baş nazirinin mətbuat katibliyinin açıqlamasına görə, ölkə Azərbaycan və Gürcüstan üzərindən ildə 10 milyon ton yük daşımağı planlaşdırır. Qazaxıstan baş baziri bu barədə hökumətin Ukrayna böhranı ilə əlaqədar antiböhran qərargahının toplantısında məlumat verib.
Qazaxıstan hökuməti daşıyıcılara alternativ marşrut olaraq Azərbaycan üzərindən daşımalara keçmələrini tövsiyə edib. Artıq Qazaxıstanın “Artselor Mittal Temirtay” SC 50 min ton metal məhsulunu Azərbaycan üzərindən daşımağa hazır olduğunu açıqlayıb.
Qazaxıstan eyni zamanda Tacikistanla iki respublikanı birləşdirən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə birgə müəssisənin yaradılmasını müzakirə edib. Birgə müəssisə hər iki ölkənin yüklərinin Azərbaycan üzərindən Avropaya daşınmasını təmin edəcək.
Azərbaycan Xəzər dənizi və İran istiqamətindən gələcək yükləri ötürmək üçün öz ərazisində zəruri olan əksər infrastrukturu yaradıb. Azərbaycanın Xəzər sahilindəki Ələt limanının ötürücülük gücü 15 milyon tondur, zəruri halda 25 milyon tona qədər artırmaq mümkündür.
Digər tərəfdən, Azərbaycan İrandan dəmiryolu ilə gələcək yükləri ötürmək üçün stansiya və anbarları da tikib başa çatdırıb. Hətta Bakı İranın şimal bölgəsində dəmiryol sistemini Fars körfəzindən gələn xətlə birləşdirməsi üçün Tehrana 500 milyon dollar kredit də ayırıb. Azərbaycan Bakıdan İran sərhədinə qədər olan avtomobil yolunu ən müasir tələblərə cavab verən səviyyədə yenidən qurub. Bakıdan Gürcüstana gedən magistralda genişlənmə işləri yekunlaşmaq üzrədir. Azərbaycanın həm Gürcüstan, həm də Rusiya istiqamətində mövcud dəmiryol sistemində də yenidənqurma işləri sürətlə aparılmaqdadır.
Artıq birmənalı şəkildə bəllidir ki, Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması illərlə vaxt aparacaq. Bu müddətdə Azərbaycandan keçməklə Rusiya üzərindən yükdaşımaların kəskin məhdudlaşması, Gürcüstan istiqamətində yükdaşımaların kəskin artımına gətirib çıxaracaq. Bu isə Azərbaycanın tranzit üçün əlavə potensiala malik olmasını zəruri edir. Belə bir şəraitdə İran ərazisindən Naxçıvan, oradan isə Türkiyəyə çıxacaq avtomobil və dəmiryol xəttinin olması son dərəcə vacibdir. Azərbaycan Vətən Müharibəsindən dərhal sonra bu əlaqənin Ermənistan üzərindən keçməsini istədiyini açıq bəyan etdi. Ötən müddətdə dəfələrlə Ermənistana prosesin başladılması təklif olundu. Lakin qarşı tərəf bu təklifdən Azərbaycandan özü üçün əlverişli şərtlər qopartmaq məqsədilə istifadə edərək, prosesi uzatdı. Azərbaycan isə İranla anlaşma memorandumu imzalamaqla Ermənistanın şantaj imkanlarını minimuma endirdi. Lakin bu, heç də Azərbaycanın Zəngəzur dəhlizinin Ermənistandan keçəcək marşrutundan imtina etməsi demək deyil. Bu addım əksinə, dəhlizlə bağlı proseslərdə Bakının əlini gücləndirir, çünki Ermənistan son 6 ildə ümid bəslədiyi böyük bir layihədən kənarda qalmış olacaq. Söhbət İranın təşəbbüskarı olduğu Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizi layihəsindən gedir. İran 2016-cı ildən bu layihəni irəli sürüb. Ötən ilin payızınadək İran üzərindən yüklərin Ermənistan ərazisi ilə Gürcüstana və Qara dəniz sahillərinə çatdırılması nəzərdə tutulurdu. Lakin İrəvanın bu daşıma zəncirini təşkil etmək üçün müvafiq infrastrukturu yox səviyyəsindədir. Belə ki, Ermənistanın layihədə iştirakı üçün İran sərhədindən Gürcüstan sərhədinədək magistral avtomobil yolunun tikintisi lazımdır. Son 6 ildə Ermənistan bu tiikintinin heç 30 faizini belə həyata keçirə bilməyib. Ötən ilin sentyabrında hökumətin iclasında Nikol Paşinyan Şimal-Cənub nəqliyyat dəhlizi üzrə avtomobil yolunun tikintisinin bərpa olunacağını açıqlayıb. Onun dediklərindən məlum olub ki, yolun Sisyan-Kacaran hissəsinin tikintisi üçün torpaq alınması və sair prosedurların 2022-ci ilin sonunadək başa çatdırılması və ondan sonra tender elan olunması nəzərdə tutulur. Hökumət iclasında Ermənistanın magistral yolun tikintisinə büdcədən ümumilikdə 474,3 milyard dram, haradasa 1 milyard dollara yaxın vəsait ayırmaq niyyətində olduğu açıqlanıb. Bu, 560 km-lik beynəlxalq standartlara uyğun çəkilməli olan yolun maliyyə dəyərinin yarısını belə ödəməyən bir məbləğdir. Üstəlik, indiki iqtisadi imkanlarla Ermənistanın bu vəsaiti ayıra biləcəyi böyük şübhə altındadır.
Ümumiyyətlə, Şimal-Cənub magistralının işlək hala gətirilməsi üçün 2 milyard dollardan yuxarı investisiya yatırılması tələb olunur. Ermənistan bu investisiyanın mühüm bir hissəsini İrandan almağa ümid edirdi. Lakin 2021-ci ilin son aylarında məlum oldu ki, İran Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizi layihəsinə Azərbaycanın cəlb olunması istiqamətində mühüm addım atıb. İranın Avtomobil Yolları və Nəqliyyat Təşkilatının rəhbəri Cavad Hedayatinin ISNA agentliyinə verdiyi məlumata görə, İran, Azərbaycan və Gürcüstan Fars körfəzini Qara dənizlə birləşdirən tranzit marşrutu işə salırlar. İran rəsmisi bildirib ki, bu məsələ ilə bağlı üçtərəfli saziş əldə olunub. Razılaşmaya əsasən, İran Astarasından Azərbaycana və daha sonra Gürcüstan limanlarına, oradan isə Bolqarıstana və Şərqi Avropanın digər ölkələrinə sınaq tranzit həyata keçiriləcək. Marşrutla ilk yüklərin 2022-ci ilin martına qədər yola salınması nəzərdə tutulurdu.
Hedayati bildirib ki, bu marşrut Şərqi və Cənubi Asiya ölkələrini Şərqi Avropa ilə birləşdirərək onlara böyük fayda gətirəcək: “Bu, İran üçün də vacibdir, çünki Avropa İran neft-kimya məhsullarının ixrac məntəqələrindən biridir”.
Bu ilin yanvarında İranın yol və şəhərsalma naziri Rüstəm Qasıminin səfəri zamanı Azərbaycan-İran sərhədində - Astara çayı üzərində avtomobil körpüsünün təməli qoyulub. Körpü İran üzərindən Azərbaycan vasitəsilə yükdaşımaların fasiləsiz təşkilini təmin etmək məqsədi daşıyır. Belə ki, mövcud körpü 70 il əvvəl tikildiyinə görə müasir tələblərə cavab vermir.
Beləliklə, Azərbaycan İranla iki istiqamətdə yükdaşımaların təşkili sahəsində əməkdaşlıq qurmaqla Ermənistanı daha bir qlobal layihədən kənarda qoyur. Hazırda Azərbaycan həm Şimal-Cənub dəhlizi, həm də Fars körfəzi-Qara dəniz marşrutu ilə yükdaşımaların xeyli hissəsini dəmiryolu ilə reallaşdırmaq imkanına sahibdir. Ermənistanın isə öz dəmiryol infrastrukturu ilə belə imkanı yaxın onillikdə belə olmayacaq. Bu, yalnız o zaman mümkündür ki, Azərbaycanın təklifini qəbul edib Zəngəzur dəhlizinin reallaşmasına şərait yaratsın. Zəngəzur dəhlizi ilə bağlı razılaşma olarsa, Ermənistan Azərbaycanla kommunikasiyaların açılması nəticəsində Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində dəmiryol daşımalarının iştirakçısına çevrilə bilər.
İran üzərindən kommunikasiyaların yaradılması Azərbaycan üçün həm də ona görə vacibdir ki, Ermənistandan keçəcək marşruta nəzarət Rusiyanın əlində olacaq. Bu ölkənin etibarlı tərəfdaş olmadığı, imzaladığı sənədlərin icrasına məsuliyyətlə yanaşmadığı 10 noyabr üçtərəfli bəyanatının bir neçə mühüm bəndinin hələ də icra olunmamasından aydın görünür. Belə bir şəraitdə, əlində alternativlərin olması Azərbaycana böyük üstünlük verir.