“Ermənistanın “sülh danışıqlarına” Minsk Qrupunun cəlb edilməsi ilə bağlı növbəti manevr cəhdləri, həmçinin sözgedən ölkənin xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın təklif etdiyi beş baza prinsipi ilə bağlı məntiqsiz açıqlamaları rəsmi İrəvanın hələ də regiondakı mövcud reallıqları dəyərləndirmək imkanında olmadığını, yaxud kənardan ötürülən təlimatlar əsasında hərəkət etdiyini sübuta yetirir”.
SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, bu fikirlər siyasi şərhçi Elçin Mirzəbəyliyə məxsusdur.
Ekspert qeyd edib ki, beş baza prinsipindən üçü, birbaşa beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə əsaslanır:
“Azərbaycan tərəfindən təklif edilən baza prinsiplərinin birinci maddəsində qeyd olunur ki, Azərbaycan və Ermənistan bir-birilərinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliklərini qarşılıqlı şəkildə tanımalıdırlar.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, yuxarıda iqtibas gətirdiyim maddə ilə bağlı ölkəsinin rəsmi mövqeyini ifadə edib və bildirib ki, Ermənistan MDB-nin yaradılması haqqında saziş imzalamaqla artıq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Təbii ki, bu konkret tələbdən, yaxud təklifdən növbəti dəfə ermənisayaq yayınma cəhdindən başqa bir şey deyil”.
E.Mirzəbəyli xatırladıb ki, Müstəqil Dövlətlər Birliyinin yaradılması ilə bağlı Belovejsk razılaşması 1991-ci il dekabrın 8-də imzalanıb:
“Azərbaycan, Ermənistan və digər ölkələr razılaşmaya həmin ilin dekabrının 21-də qoşulublar. Həmin gün MDB-nin məqsədləri və prinsipləri haqqında Bəyannamə də imzalanıb və sözügedən sənəddə MDB üzvü olan ölkələrin “bir-birilərinin ərazi bütövlüklərini tanıdıqları və hörmətlə yanaşdıqları, mövcud sərhədlərin toxunulmazığı prinsipini qəbul etdikləri” imperativ şəkildə qeyd olunub. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanın MDB-yə qoşulması ilə bağlı sənəd ölkə parlamentində 24 sentyabr 1993-cü ildə ratifikasiya olunub və elə həmin gün MDB dövlət başçıları şurasının qərarı ilə ölkəmiz rəsmi şəkildə MDB-nin üzvlüyünə qəbul edilib.
Ermənistan isə MDB-nin yaradılması ilə bağlı sənədi 1991-ci il dekabrın 26-da ratifikasiya edib və təbii ki, Azərbaycandan 1 il 9 ay öncə MDB üzvlüyünə qəbul olunub. Bu isə o deməkdir ki, Ermənistan Ararat Mirzoyanın iddia etdiyi kimi MDB-nin yaradılması ilə bağlı sənədi imzalayanda Azərbaycanın ərazi bütövlüyünü tanıya bilməzdi, ona görə ki, Azərbaycan həmin dövrdə MDB-nin üzvü deyildi... Doğrudur, razılaşmada yer alan prinsiplər sonradan qoşulan dövlətləri də əhatə edir, ancaq bunun Mirzoyanın istinad etdiyi zaman kəsiyinə heç bir aidiyyatı yoxdur. Bununla yanaşı qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənistan MDB-yə qoşulmaq haqqında sənədi dövlət başçılarının iştirakı ilə 1991-ci il dekabrın 21-də imzalayıblar və sənəd hətta sonradan ratifikasiya olunsa da belə, Azərbaycan Respublikasının 10 rayonu Ermənistan ordusu tərəfindən sözügedən razılaşma imzalandıqdan sonra işğal edilib. Bu rayonlardan biri – Zəngilan rayonu isə Azərbaycan MDB-yə rəsmi şəkildə üzv qəbul edildikdən sonra işğal altına düşüb. Bu isə o deməkdir ki, Ermənistan xarici işlər nazirinin mülahizələrinin heç bir əsası yoxdur və rəsmi İrəvan sülh sazişinin imzalanması üçün Azərbaycan tərəfindən irəli sürülən öhdəlikləri yerinə yetirməlidir. Əks təqdirdə bu sülh sazişinin imzalanmasının heç bir əhəmiyyəti olmayacaq”.
Politoloqun fikrincə, həmçinin nəzərə almaq lazımdır ki, Ermənistan Xocalı istisna olunmaqla, Azərbaycan hazırda işğaldan azad etdiyimiz bütün digər ərazilərini BMT-yə üzv qəbul olunduqdan sonra qəsb edib:
“Yəni BMT-nin Nizamnaməsinin prinsiplərini kobud şəkildə pozub. BMT Nizamnaməsi isə MDB-nin yaradılması haqqında razılaşmadan və bu xüsusda sonradan imzalanan, ratifikasiya edilən bəyannamə və protokollardan dəfələrlə üstün hüquqi qüvvəyə malikdir. BMT Nizamnaməsinə məhəl qoymayan, BMT Təhlükəsizlik Şurasının qətnamələrini heçə sayan bir ölkənin MDB-nin yaradılması haqqında sazişlə bağlı mülahizələrinə etimad göstərmək üçün isə, düşünürəm ki, heç bir əsasımız yoxdur. Ermənistan məhz Azərbaycan qarşısında, həm də konkret önləyici təsir mexanizmləri olan öhdəliklər götürməlidir.
Azərbaycanın təklif etdiyi baza prinsipləri isə mahiyyət etibarilə BMT Nizamnaməsinə, eləcə də beynəlxalq hüququn digər əsas norma və prinsiplərinə söykəndiyi üçün Ermənistanın bu prinsplərdən imtina etmək üçün heç bir tutarlı hüququ və məntiqli əsası ola bilməz”.