ABŞ Ukraynaya kamikadze dronları göndərir: Tankları MƏHV EDƏCƏK

21:00 16 Mart 2022

Ağ Ev hərbi yardımın bir hissəsi kimi Ukraynaya “Switchblade” pilotsuz təyyarələrini göndərə bilər.

Musavat.com Lent.az-a istinadən xəbər verir. Bildirilir ki, ABŞ prezidenti Co Baydenin administrasiyası tankları məhv edə bilən “Switchblade” dronlarının Ukraynaya təhvil verilməsini nəzərdən keçirir. Dronların təhvil verilməsi Ukraynaya milyard dollarlıq hərbi yardımın göstərilməsi çərçivəsində planlaşdırılır.

“NBC News”a görə, dronlar, hədəfi birbaşa özləri vurduqları üçün kamikadze adlandırılır. Dronun iki versiyası var. Daha yüngül “Switchblade 300”,10 kilometrə qədər məsafə qət edə və saatda 160 kilometrə qədər sürət yığa bilir. O, insanları və yüngül avtomobilləri vurmaq üçün nəzərdə tutulub.

Daha güclü versiya olan “Switchblade 600” hədəfin üzərində 40 dəqiqə hərəkət edə bilir, saatda 180 kilometr sürətə çata bilir və tankı məhv etmək gücündədir.

Qeyd edilir ki, bu dronlar həm də onları daşıyan “Predator” və ya “Reaper” kimi pilotsuz təyyarələrdən buraxılan raketlərdən daha ucuzdur.



Xəbər xətti