Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə səfərdə olan və dünyanın ən məşhur MMA döyüşlərinə həsr edilmiş Rizin Qran-Prisinin təşkilatçısı və Yaponiyanın RİZİN şirkətinin prezidenti Nobuyuki Sakakibaranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sitat.info xəbər verir ki, Milli Məclisdə keçirilən görüş zamanı vitse-spiker Adil Əliyev dövlət başçısı tərəfindən idmana ayrılmış yüksək diqqət və qayğıdan bəhs edərək, bu gün Azərbaycanın dünyada idman ölkəsi olaraq tanındığını qeyd edib. Eləcə də idmançıların göstərmiş olduqları yüksək nəticələri, olimpiadaların, Formula 1 və digər nüfuzlu beynəlxalq yarışların yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb.
Azərbaycanlı idmançılarında iştirak etdiyi MMA turnirlərindən bəhs edən sədr müavini, bu döyüş növünə dünyada həddən artıq yüksək marağın olmasını və məhz idmançılarımızın inkişafına xüsusi töhfə verdiyini vurğulayıb.
RİZİN şirkətinin prezidenti Nobuyuki Sakakibara səmimi qəbula görə təşəkkürünü bildirərək, bu sahədə qarşılıqlı əməkdaşlığın mühüm uğurlar gətirəcəyini deyib. Eləcə də, azərbaycanlı idmançıların döyüş növlərində göstərdikləri yüksək nəticələrin olduğunu əlavə edib.
Məğrur,
Sitat.info