Çinlə ABŞ arasında gözlənilən toqquşma yaxınlaşır - Rusiyaya görə iki supergüc üz-üzə gəlir

23:00 17 Mart 2022

Vaşinqton administrasiyası Rusiyaya qarşı sanksiyaların daha ciddi təsiri olması üçün Çinlə danışıqlar aparır. Ancaq bu danışıqlar hələlik o qədər də ümidverici deyil.

Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, Romada Çin diplomatik heyəti ilə ABŞ nümayəndələri arasındakı görüş zamanı Pekinin Rusiyaya qarşı embarqolarının itkilərini aradan qaldırmaq məsələsi müzakirə edilib. Müzakirədə Moskvaya köməyin Vaşinqtonu narahat etdiyi və bunun baş verdiyi təqdirdə Çinin əvəz ödəyəcəyi çatdırılıb.

Prays onu da deyib ki, hələlik Çin Ukrayna məsələsində mövqeyini açıqlamayıb. Lakin eyni zamanda əlavə edib ki, Vaşinqton Çinin Rusiyaya qarşı embarqolarının təsirini azaltması ehtimalından narahatdır.

Bu arada, Qərb mətbuatı yazır ki, Çin Rusiyaya iqtisadi yardım göndərmək qərarına gəlib. Xüsusən də Çinin Rusiyaya pilotsuz uçuş aparatları (PUA) verməsi ehtimalı Vaşinqtonun əsas narahatlıq mənbəyidir.

İddialara görə, ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Cek Sallivan İtaliyanın paytaxtı Roma şəhərində çinli həmkarı Yang Jiechi ilə 7 saat davam edən danışıqlar aparıb. Vaşinqtondakı diplomatik mənbələr Amerika diplomatlarının çinlilərlə görüşdən məyus ayrıldığını bildirir. Belə ki, silah məsələsində olmasa da, çinlilər Rusiyaya iqtisadi və maliyyə dəstəyi verəcəklər. Amma indi Vaşinqton Pekinin daha irəli gedəcəyindən əndişələnir.

Rusiya 640 milyard dollarlıq maliyyə ehtiyatlarının bir qismini, daha dəqiqi 14 faizini və ya 90 milyard dollarlıq hissəsini Çin yunanında saxlayır. Buna görə də Çin bu ehtiyatları Rusiyanın ixtiyarına verərsə, o zaman Moskva bu yuanları Çin banklarında dollar və avroya dəyişərək kritik ilk aylarda borc öhdəliklərini icra etməklə vəziyyətdən çıxa bilər.

Lakin bu vəziyyətin özü Çin hakimiyyətini çətin seçim qarşısında qoyur. Belə ki, əgər Pekin Baydenin Rusiyaya qarşı sanksiyalara qoşulmaq təklifindən tamamilə imtina edərsə, o zaman ABŞ hakimiyyəti Avropa ölkələrini Pekinlə münasibətləri yenidən nəzərdən keçirməyə məcbur etməyə çalışacaq.

Başqa sözlə, indi Rusiyanın Qərbin maliyyə və iqtisadi sanksiyaları qarşısında əsas xilaskarı və ya qoruyucu- “Çin səddi” Pekindir. Maraqlıdır ki, ruslar Çin mövzusunda optimistdir. Rusiyanın maliyyə naziri Çinlə əməkdaşlığın davam edəcəyinə inandığını deyib. Onun sözlərinə görə, bu, Çinin də maraqlarına cavab verir. Çünki Rusiyanın üzünə Qərb bazarları bağlandığı bir zamanda Çin üçün yeni bir böyük Rusiya bazarı açılacaq.

Çin isə hələlik özünü təmkinli aparır. Xarici işlər naziri Vanq Yi bu həftənin əvvəlində verdiyi açıqlamada deyib ki, Çin böhranda tərəf deyil və sanksiyaların Çinə təsir etməsini istəmir. Həmçinin o, Çinin “qanuni haqları və maraqlarını qorumaq hüququ olduğunu” deyib.

Amma bu qısa açıqlamanın arxasında dərin iqtisadi-siyasi hesablamalar dayanır. Təbii ki, indi açıq, birmənalı mövqe ortaya qoymaq o qədər də asan deyil. Çünki məsələ göründüyündən də mürəkkəbdir.

Qərb ölkələrinin Rusiyaya qarşı olan kollektiv embarqo və sanksiyalarının fonunda boşalan yerli bazara, əsas iddiaçı Çin şirkətləri olacaq. Üstəlik, daha əvvəl İranla olduğu kimi, embarqo nəticəsində Çin Rusiya neftini və qazını ucuz qiymətə alacaq ki, bu da ildə milyard dollarla əlavə gəlir deməkdir. Başqa sözlə, Çin Rusiya bazarına yerləşəcək və bu bazarın zəngin xammal ehtiyatlarından geniş şəkildə faydalanacaq.

Bunun ən qabarıq örnəyi budur ki, 2021-ci ildə Çin və Rusiya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 35 faiz artaraq 146,9 milyard dollar təşkil edib. Nə qədər qəribə də olsa, bunun çox hissəsi, yəni 79,3 milyard dolları Rusiyanın ixracı olub. Rusiyanın Çinə ixracının isə 56 faizini neft və qaz təşkil edib. Yerdə qalanın da əksəriyyət hissəsini xammal təşkil edir. Ümumilikdə isə Çinin Rusiyadan idxalı ixracını 10 milyard dollar üstələyib. Başqa sözlə, Rusiya Çin üçün böyük xammal bazasıdır.

Eyni zamanda Rusiya böyük Çin bazarı vasitəsilə Qərbin sanksiyalarından yayına bilər.

Ancaq bunun qarşılığında Çin iki böyük bazarı ABŞ və Avropa İttifaqı bazarlarını itirə və ya ən azından zəiflədə bilər. Yeri gəlmişkən, Avropa İttifaqının 2021-ci ildə ən böyük ticarət tərəfdaşı 695,5 milyard dollarla Çin olub. Belə ki, keçən il Aİ ölkələri Çinə 223,3 milyard dollarlıq məhsul ixrac edib, eyni zamanda Çindən 472,2 milyard dollarlıq məhsul idxal ediblər.

Eləcə də, keçən il Çin ABŞ-a 576,1 milyard dollarlıq məhsul ixrac edib. Bu, əvvəlki illə müqayisədə 27 faiz artım deməkdir. ABŞ isə Çinə 179,53 milyard dollar dəyərində məhsul ixrac edib.

Amerikalı analitiklərin fikrincə, hazırda Pekin Rusiyanı dəstəkləmək və ya Qərbin yanında yer almaq arasında orta yol axtarır. Çünki həm Rusiya ilə əlaqələri qoruyub saxlamaq, həm də ABŞ və Aİ-nin sanksiyalarından qorunmaq Çin üçün indi çox vacibdir. Pekinin tərəddüdünün daha bir səbəbi isə özünün regional problemləridir. Çünki Rusiyaya qədər Çinin ABŞ-la münasibətlərində gərginlik var. Tayvan, Cənubi Çin dənizindəki adalarla bağlı Yaponiya ilə münaqişə və digər mövzular ABŞ və Çini qarşı-qarşıya gətirir.

Bu səbəbdən də Rusiyanın məğlub edilib sıradan çıxarılması Çin üçün əlverişli deyil. Buna görə də Pekin “üçüncü yol” axtarışındadır. Bu yol isə Qərblə və Rusiya ilə əlaqələri qoruyub saxlamaq, Moskvanın Qərb qarşısında zəifləməsi, ancaq tamamilə məğlub olmamasıdır. Bu mənada güman ki, Çin ABŞ-a “qapıları bağlamayacaq”, lakin eyni zamanda yarı gizli şəkildə Rusiyanı dəstəkləməyə, onun ayaqda (lakin zəif) qalmasına dəstək verəcək.



Xəbər xətti