İsrail və Azərbaycan: "Mehriban münasibətlər və gələcək perspektivlər"

17:07 29 May 2023

İsrail müstəqilliyimizi tanıdığı 1991-ci il dekabrın 25-dən sonra Azərbaycan ilə bu dövlət arasında münasibətlər həmişə müsbət istiqamətdə inkişaf edib. Amma son bir neçə ildə münasibətlərdə xüsusi dinamika müşahidə olunur: əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı səfərlərin çoxalması, ticarət dövriyyəsinin və investisiyaların artması, qarşılıqlı fəaliyyət üçün yeni sənaye sahələrinin müəyyənləşdirilməsi və s.

Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan Prezidenti İlham Əliyev İsrailin xarici işlər naziri Eli Kohenlə bu yaxınlarda keçirdiyi görüşdə qeyd edib ki, bu hadisə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir.

İsrail Prezidenti İsxak Hersoqun yürütdüyü siyasət də ikitərəfli münasibətlərə strateji xarakter verib. Belə ki, onun dövlət başçısı seçilməsindən sonra Azərbaycanla münasibətlər həndəsi silsilə ilə inkişaf edir. İsrail Prezidentinin 30 il əvvəl formalaşmış münasibətlərin nə qədər möhkəm olduğunu bütün dünyaya nümayiş etdirməsi də sevindirici haldır.

Bu aspektə önəm verən İ.Hersoq tviterdə etdiyi paylaşımda Ümummilli Lider Heydər Əliyevin ikitərəfli münasibətlərdə rolunu və töhfəsini qeyd edib.

Azərbaycan həm İkinci Qarabağ müharibəsi zamanı, həm də sonrakı mərhələdə - işğaldan azad edilmiş ərazilərin bərpası dövründə İsrailin dəstəyini hiss edib.

Sitat.info xəbər verir ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik “Report”a müsahibəsində İsrail şirkətlərindən birinin Zəngilan rayonunun Ağalı kəndində süd ferması tikdiyini bildirib.

“İştirak etdiyimiz və ya iştirak imkanlarını müzakirə etdiyimiz digər layihələr su ehtiyatlarının idarəçiliyi, bərpa olunan enerji və kənd təsərrüfatı sahələrindədir. Azərbaycanlı həmkarlarımıza deyirik: “Hansı sahədə bizə ehtiyacınız olduğunu deyin və biz orada olacağıq”, - səfir deyib.

Bundan başqa, İkinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycanın YAŞAT Fondu İsraildən oftalmoloqlar dəvət edib və gələn həkimlər mütəmadi olaraq pasiyentləri nəzarətdə saxlayıb. Onlar əməliyyatları və sonrakı müalicəni tamamilə pulsuz həyata keçiriblər. İsrail həkimləri 150-dən çox azərbaycanlı müharibə veteranını əməliyyat ediblər.

İki ölkənin biznes icmaları və şirkətləri arasında sürətlə inkişaf edən əlaqələri nümayiş etdirən qarşılıqlı iqtisadi fəaliyyətin yüksək göstəriciləri də az əhəmiyyət kəsb etmir.

Son məlumatlara görə, 2023-cü ilin yanvar-aprel ayları üzrə İsrail ilə Azərbaycan arasında ticarət dövriyyəsi yarım milyard ABŞ dollarını ötüb, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 33,5 faiz artım deməkdir. İnvestisiyalar sahəsində də artım göz qabağındadır: 2022-ci ilin iyulunda Azərbaycan İnvestisiya Şirkəti ilə İsrailin aparıcı qlobal kraudfanding platforması olan “OurCrowd” şirkəti arasında investisiya sazişi imzalanıb.

Bu ilin fevralında Azərbaycanın İqtisadiyyat Nazirliyi Azərbaycan tərəfindən sənaye məhsullarının hazırlanması üzrə ixtisaslaşan İsrailin LARGIX startapına 1 milyon ABŞ dolları dəyərində investisiya yatırıldığını açıqlayıb.

Əməkdaşlığın əsas istiqamətləri enerji, ticarət, infrastruktur və yüksək texnologiyalardır. Azərbaycan İsrailin əsas neft tədarükçüsüdür. İki il əvvəl Azərbaycan neftinin İsrailə tədarükdə payı təqribən 30%, keçən il isə təxminən 40% təşkil edib.

Turizm, enerji, kənd təsərrüfatı, tibb, kibertəhlükəsizlik - iki ölkə arasında əməkdaşlıq sahələrinin siyahısı bununla məhdudlaşmır.

Həm İsrail Prezidentinin, həm də Azərbaycan Prezidentinin yeni sahələrdə əməkdaşlığı genişləndirmək siyasətində nümayiş etdirdiyi çoxvektorlu yanaşma iki ölkə arasında münasibətlərdə mövcud olan tükənməz potensialdan xəbər verir. Belə sahələrdən biri də bərpa olunan enerji mənbələrindən istifadədir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerjidən fəal istifadə etməyə başlayıb, İsrail isə bu sahədə öz təcrübəsini bölüşməyə hazır olduğunu bəyan edib.

İsrail həm də Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır. 2022-ci il martın 9-da Prezident Hersoqun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ankarada görüşü İsrail və Türkiyə arasında 2010-cu ildən sonra demək olar ki, dondurulmuş münasibətlərin bərpa olunması ilə xarakterizə olunur. Hazırda hər iki dövlət diplomatik münasibətləri bərpa edib ki, bu da onların əməkdaşlıq istiqamətində addımlar atmaq niyyətindən xəbər verir.

Çoxtərəflilik, qarşılıqlı hörmət, dostluq - hazırda Azərbaycanla İsrail arasında münasibətləri belə xarakterizə etmək olar. Hər iki dövlət başçısı sayəsində hazırda bütün sahələrdə əlaqələr yüksək səviyyədədir, İsrail Prezidentinin Azərbaycana planlaşdırılan səfəri isə bu münasibətləri yeni, daha sabit səviyyəyə çıxaracaq./Report



Xəbər xətti