Artıq Suriyada “Ərəb baharı”nın bir hissəsi olaraq başlayan vətəndaş müharibəsindən 12 il ötür və bu mərhələdə ən çox əziyyət çəkənlərdən biri türkmanlardır. Hazırda Suriyada onların sayı təxminən 4 milyondan çoxdur.
Sitat.info xəbər verir ki, bunu Suriya Türkman Həkimləri Dərnəyinin sədri Muxtar Fateh Bəydili “Sahibsiz qalmış Suriya türkmanları kömək gözləyir” adlı məqaləsində bildirib.
Müəllif türkmanların vəziyyətinin çox ağır olduğunu, onların Azərbaycan və türk dünyasından kömək gözlədiklərini vurğulayıb:
“Türkmanlar çoxdandır ki, pərişan durumda olublar. İndi Suriyanı müdafiə etmək adı altında Hələb, Bayırbucaq, Xüms, Colan, Raqqa, İdlib türkmanlarına qarşı əməlli-başlı qətliam, soyqırım törədilir, Türkman dağı qan ağlayır, dünya isə bu qətliama da növbəti dəfə göz yumur.
Bəs, türk dünyasına nə olub? Niyə heç kəs etiraz səsini çıxarıb, bu soyqırımın insan haqlarına zidd olduğunu bəyan etmir? Can Azərbaycan, Türkmənistan başqa vaxt Füzulini, Nəsimini çox sevdiklərini bəyan edir. Amma indi Hələb, Bayırbucaqda Füzulinin, Nəsiminin nəvələri Yer üzündən silinir”.
Bəydilinin sözlərinə görə, Suriyada türkmanlar İran və Bəşər Əsəd qüvvələri arasında mühasirədə qalıb:
“Suriyada qarışıqlıq yaranandan sonra türkmanlar müxalifətin tərəfinə keçib. Türkmanlara qarşı döyüşən Suriya ordusunun tərkibində İraq, İran, Livan və Əfqanıstandan ölkəyə gətirilən muzdlu döyüşçülər var. 50 min türkman qətliam təhlükəsi ilə üz-üzə qalıb. İranın minlərlə döyüşçüsünün dəstəyindən istifadə edən Suriya ordusu bölgədə türk varlığına son vermək üzrədir”.
Müəllif türkmanlar məsələsində ən çox məsuliyyətin Türkiyə və Azərbaycanın üzərinə düşdüyünü vurğulayıb:
“Bir millətin taleyinin təriqətlər arasında çəkişmə predmetinə çevrilməsi çox faciəvi durumdur. Qərb həll variantının Əsədli və ya Əsədsiz olması haqqında uzun-uzadı baş sındırır, koalisiya qüvvələri hərbi əməliyyatları davam etdirir, Əsəd isə dirənir. Qərb ölkələri Rusiyaya qarşı müharibədə Ukraynanı silahla dəstəkləyir, iqtisadi maraqlar hər an yeni qərarların qəbul edilməsinə səbəb olur. Fərqli silahlı qüvvənin nəzarətinə keçən ərazilərdə bir xalq göz görə-görə məhv edilir. Türkmanların taleyi türk qövmünə dağ oldu, barı dərs də olsun. Doğrudur, bu gün Türkiyə daha çox Suriya türkmanlarına dəstək verir. Amma bu istənilən səviyyədə deyil. Bu məsələdə ən çox yük Türkiyə və Azərbaycanın üzərinə düşür.
Sonda hər kəs bilməlidir ki, vətən həsrəti, yurd sevgisi, Can Azərbaycana ürəkdən bağlılıq hissləri Suriya türkmanlarını tərk etməyib. Harada yaşamalarından, hansı ölkədə olmalarından asılı olmayaraq, onlar Ata vətənimiz Azərbaycanı sevirlər. Onların özlərindən sonra zəngin bir irs, tarix qoyub getməsi elə bu sevginin, bağlılığın nəticəsidir”.
Nəsiminin məzarının hazırki vəziyyətinə toxunan müəllif bununla bağlı dəqiq məlumatın olmadığını bildirib:
“Bir vaxtlar Suriyada türkmanların ən çox yaşadığı şəhərlərdən biri olan Hələb çox dəhşətli durumdadır. Bu şəhərdə demək olar ki, heç kim yaşamır. Nəsiminin məzarının hansı vəziyyətdə olması ilə bağlı dəqiq məlumata sahib deyilik. 2011-cilin martında Suriyada başlayan müharibə zamanı Nəsiminin məqbərəsinin də İŞİD terrorçuları tərəfindən dağıdıldığı haqqında məlumatlar var. Müharibənin dəhşətləri İmadəddin Nəsiminin məzarından da yan keçməyib”.
Zəruri olaraq qeyd edək ki, İraq və Suriya türkmanları Azərbaycan türkləridir./ Axar.az